Azərbaycana rəsmi səfərə gələn Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-i Bakıda rəsmən qarşılanıb. Qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenko ilə təkbətək görüşüb.
İlham Əliyev həmkarına deyib ki, iki dövlətin münasibətləri son dərəcə yaxınlıq və dostluq xarakteri daşıyır: “Biz Minskdə, Bakıda, başqa yerlərdə müntəzəm görüşürük. Həmişə Sizinlə fikir mübadilələri faydalı və xoş olur. Biz Sizinlə son illər ərzində ikitərəfli formatda xeyli məsələləri həll etmişik. Çox yaxşı nəticələr var. Hər dəfə yenidən görüşəndə biz görülən işlərə yekun vuraraq belə qənaətə gəlirik ki, hətta qısa müddətdə ortada nəticə var.
Biz Belarusla bütün istiqamətlərdə əməkdaşlığı fəal davam etdirmək niyyətindəyik. Bu gün ikitərəfli format demək olar ki, həyatımızın bütün sahələrini əhatə edir. Ənənəvi sahələrdə əməkdaşlıq prosesləri getdikcə genişlənir. Biz həm də əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdiririk. Biz dostuq, tərəfdaşıq. Bütün məsələlərdə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyirik”.
Aleksandr Lukaşenko qeyd edib ki, iki ölkənin qapalı mövzuları yoxdur: “Biz bütün istiqamətlərdə əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdirəcəyik. Bizim əməkdaşlığımız heç kəsə zərər vurmur. Belə demək mümkündürsə, biz gerçəkliyin ən aktual məsələlərinin müzakirəsində açıq fəaliyyət göstəririk və bundan sonra da belə olacaq”.
Prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə də bir araya gəliblər. Görüşdən sonra İlham Əliyev və Aleksandr Lukaşenko birgə bəyanat imzalayıblar.
AZƏRTAC-ın məlumatına görə, imzalanan digər sənədlər bunlardır:
– “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”;
– “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyası arasında əməkdaşlıq haqqında Saziş”;
– “Qəbələ Rayon İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Qrodno şəhəri (Belarus Respublikası) arasında regionlararası əlaqələrin qurulması haqqında Saziş”;
– “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Saziş”;
– “2025-ci ilədək Azərbaycan və Belarus arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq üzrə Kompleks Proqramı”;
– “Azərbaycan Respublikası və Belarus Respublikası arasında təhsil sahəsində 2016-2020-ci illər üzrə əməkdaşlığın inkişafı Proqramı”;
– “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasında gömrük hüquq pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol”;
– “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”;
– “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Saziş”;
– “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Belarus Respublikası İdman və Turizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində 2017-2018-ci illər üçün əməkdaşlıq Proqramı”.
Həmin gün Aleksandr Lukaşenkonun şərəfinə rəsmi qəbul təşkil olunub. Sonra Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeni təqdim edilib. İlham Əliyevin sərəncamında təltif Aleksandr Lukaşenkonun Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətləri ilə əsaslandırılıb.