Novator.az 2017-ci ilin dövlət büdcəsi layihəsinə Hesablama Palatasının rəyinin xərclər bölümünə nəzər salıb.
Növbəti ildə dövlət büdcəsinin xərcləri 16 milyard 600 milyon manat məbləğində olmaqla 2016-cı ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 2,4% azdır.
Hesablama Palatasının rəyində qeyd olunur ki, büdcə xərclərinin “Müdafiə” və “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölmələrində 2017-ci il üçün proqnozlaşdırılmış vəsaitin ÜDM-ə faiz nisbəti 2016-cı ilin proqnozu ilə müqayisədə artıb, “Yanacaq və enerji” bölməsi üzrə dəyişməz qalıb, digər bölmələr üzrə isə azalıb. Ən böyük azalma 1,3 faiz bəndi olmaqla “Sosial müdafiə və sosial təminat” bölməsində nəzərdə tutulub.
Gələn il 2016-cı ilin proqnozu ilə müqayisədə dövlət büdcəsinin ümumi xərclərində funksional təsnifatın 7 bölməsi üzrə azalma, 5 bölməsi üzrə artım, 2 bölmə üzrə isə xüsusi çəkinin dəyişməz qalması gözlənir. Əsas azalmalar “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsində 2,3 faiz bəndi, “Sosial müdafiə və sosial təminat” bölməsində 2,2 faiz bəndi, “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 1,2 faiz bəndi, əsas artımlar isə “Müdafiə” bölməsində 3,9 faiz bəndi, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində 2 faiz bəndi təşkil edəcək.
Ən çox artım “Müdafiə” bölməsində “Digər kateqoriyalara aid edilməyən xərclər” köməkçi bölməsi üzrə, ən çox azalma isə “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsində “Bədən tərbiyəsi, gənclər siyasəti və turizm” köməkçi bölməsi üzrədir.
2017-ci ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi ən yüksək olan bölmə 17,1% olmaqla “Ümumi dövlət xidmətləri” bölməsinin payına düşür, bu da əsasən “Sosial müdafiə və sosial təminat” və “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi üzrə xərclərin 2016-cı ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 645,7 milyon manat və 503,5 milyon manat azaldılmasına görədir.
Dövlət büdcəsi xərclərinin funksional təsnifatı üzrə 2016-cı ilin proqnoz göstəriciləri ilə müqayisədə növbəti ildə artımlar “Müdafiə” bölməsində 413,3 milyon manat və ya 18,5%, “Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq” bölməsində 5,4 milyon manat və ya 0,4%, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində isə 202,3 milyon manat və ya 16,3% səviyyəsində nəzərdə tutulub.
Digər bütün bölmələr azalma ilə proqnozlaşdırılıb, ən böyük azalmalar “Sosial müdafiə və sosial təminat” bölməsində 645,7 milyon manat və ya 23,9%, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsində 456,1 milyon manat və ya 61,7%, “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsində 503,5 milyon manat və ya 16,6%, təşkil edəcək.
Sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclər üçün 2017-ci ilin büdcə layihəsində 4 milyard 932,9 milyon manat nəzərdə tutulub, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 1 milyard 300,7 milyon manat və ya 20,9% azalma ilə proqnozlaşdırılıb.
Real sektorun inkişafı ilə bağlı xərclərdə də azalma var. Bu xərclər 2016-cı ilin proqnoz göstəriciləri ilə müqayisədə 1 milyard 13,1 milyon manat və ya 21,8% az olmaqla 3 milyard 639,6 milyon manat məbləğindədir. Xərclərin azalması bu istiqamətə daxil olan bütün xərclərin (mənzil və kommunal təsərrüfatı, yanacaq və enerji, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi, sənaye tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət) azalma ilə nəzərdə tutulması hesabınadır. Nəzərəçarpacaq azalma (499 milyon manat və ya 16,6%) dövlət əsaslı vəsait qoyuluşu üzrədir.
Müdafiə və məhkəmə, hüquq mühafizə, prokurorluqla bağlı xərclər 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 milyard 49,2 milyon manat və ya 37,4%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 418,6 milyon manat və ya 12,2% çox olmaqla 3 milyard 855,7 milyon manat məbləğində nəzərdə tutulub.
“Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri” 556 milyon 339,8 min manat məbləğində və ya 2016-cı illə müqayisədə 13 milyon 292,5 min manat az proqnozlaşdırılıb.
Dövlət büdcəsinin elm xərcləri 2017-ci ildə 118 milyon 545,4 min manat məbləğində nəzərdə tutulub, bu da büdcə xərclərinin 0,7%-nə bərabərdir.
2017-ci ilin dövlət büdcəsində təhsil xərcləri 1 milyard 733 milyon 366,8 min manat məbləğində proqnozlaşdırılıb. Dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla həmin xərclər 1 milyard 842 milyon 800,2 min manat təşkil edəcək. Bu, proqnozlaşdırılmış ÜDM-in 3%-nə bərabərdir. Təhlil göstərir ki, “Ali təhsil” və “Əlavə təhsil” köməkçi bölmələri üzrə artım, digər köməkçi bölmələr üzrə isə azalma nəzərdə tutulub.
Səhiyyə xərcləri üzrə 2017-ci ildə 745 milyon 381,3 min manat məbləğində vəsait nəzərdə tutulub, bu da 2016-cı ilin müvafiq göstəricisinin 89,7%-nə bərabərdir.
2017-ci ilin dövlət büdcəsinin layihəsində “Sosial müdafiə və sosial təminat” bölməsi üzrə 2016-cı illə müqayisədə 645 milyon 709,8 min manat və ya 23,9% az olmaqla 2 milyard 53 milyon 50,3 min manat məbləğində vəsait nəzərdə tutulub, dövlət əsaslı vəsait qoyuluşu da nəzərə alınmaqla növbəti ildə bu məqsədlə 2 milyard 54 milyon 488,3 min manat məbləğində vəsaitin icrası proqnozlaşdırılır.
“Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət” bölməsi üzrə növbəti ildə 282 milyon 575,3 min manat məbləğində vəsait proqnozlaşdırılıb. Bu, 2016-cı illə müqayisədə
456 milyon 57,6 min manat və ya 61,7% azdır.