“İnşaat sektorunda tənəzzül yaşanır, inşaat sektoru təxminən 25-30 faiz aşağı düşür”. AZƏRTAC-ın məlumatına görə, noyabrın 25-də Sabunçu rayonunun Ramana qəsəbəsində tikilmiş yeni binanın açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.
Qeyd edilib ki, Bünyadzadə küçəsi, 23 ünvanında yerləşən yaşayış binası 1901-ci ildə neftçilər üçün inşa edilib və uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Nazirlər Kabinetinin qərarı ilə qəzalı binada yaşayan 34 ailə – 147 sakin kirayə haqları ödənilərək binadan köçürülüb. 2015-ci il dekabrın 24-də onun yerində pilot layihə formatında 10 mərtəbəli, iki və üç otaqlı 80 mənzilli yeni yaşayış binasının inşasına başlanıb.
Yeni binanın tikintisi noyabrın 9-da – Dövlət Bayrağı Günündə başa çatdırılıb. Ümumi sahəsi 5768 kvadratmetr olan binadan 35 ailəyə tam təmirli, bütün şəraiti olan, müvafiq avadanlıqlarla təchiz edilmiş və sahələri əvvəlkindən 35-45 faizdən çox olan mənzillər verilib.
Yeni binanın sakinləri ilə görüşən İlham Əliyev deyib: “Bu, çox gözəl təşəbbüsdür. Hazırda şəhərimizin müxtəlif yerlərində buna bənzər 49 layihə icra edilir. Bu binaların bir hissəsinin tikintisi artıq gedir. Bəzi binaların tikintisi ilə bağlı sakinlərlə danışıqlar aparılır. Ancaq ümid edirəm sakinlər bu binanı görəndən sonra danışıqlarda daha da ürəklə iştirak edəcəklər, görəcəklər ki, onların maraqları tam təmin olunur.
Belə layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz. Bax, burada yaşayan insanlar bu gün bundan iki dəfə daha böyük mənzillərə sahib olurlar, köçəcəklər, yaxşı yaşayacaqlar. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Çünki bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərimizin müxtəlif yerlərində gözəl binalar tikilir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramı icra edilir və bu layihə, eyni zamanda, memarlığa da verilən böyük töhfədir.
Əlbəttə ki, artıq 115 yaşı olan binada yaşamaq təhlükəli məsələdir. Hələ ki, Bakıda belə binalar kifayət qədər çoxdur. Onların yerində gözəl binalar tikilməlidir və tikilir. Belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat, tikinti materialları sektoruna da çox gözəl təsiri olacaq. Çünki bu il inşaat sektorunda tənəzzül yaşanır, inşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Belə layihələrin icrası inşaat sektoruna da canlanma gətirəcək. Tikinti materialları ilə məşğul olan şirkətlər də xeyir götürəcək və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Hazırda 49 binanın tikintisində iştirak edən və iştirak edəcək işçilərin sayı 3-4 min nəfər olacaq. Bu da yeni iş yerlərinin yaradılması deməkdir.
Bu tipli layihələr ölkəmizdə geniş vüsət almalıdır. Həm Bakıda, həm bütün şəhər və rayonlarımızda, harada ki, qəzalı binalar var, biz bütün firmaları, iş adamlarını dəvət edirik. Yerli icra orqanları onlara bütün şərait yaratmalıdırlar ki, bu işə daha da həvəslə qoşulsunlar. Beləliklə, qısa müddətdə, bir neçə il ərzində ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır. Bu, həm insanlar üçün lazımdır, həm də ölkə iqtisadiyyatı, iş adamları xeyir götürəcək. Yəni, bu, bir ümumxalq hərəkatı olmalıdır. Bu binanın xüsusiyyəti məhz bundadır. Buna görə mən bu binanın açılışına gəlmişəm”.