Energetika naziri Natiq Əliyev “Respublika” qəzetinin 24 noyabr sayında “Dünya bazarında neft: reallıqlar və perspektivlər” adlı məqalə ilə çıxış edib. Novator.az-ın məlumatına görə, nazir qeyd edir ki, enerji sektoru iqtisadi, demoqrafik, ekoloji, texnoloji və geosiyasi faktorların təsiri ilə böyük dəyişikliklər dövrünə qədəm qoyub: “Qlobal trendlər sektorun yeni inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı uzun illər iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi çıxış edən neft amilinin ölkələrin enerji təhlükəsizliyindəki mövqeyini də xeyli dərəcədə sarsıdıb. Bütün bunların təzahür forması kimi son illər dünyanın enerji xəritəsinin kəskin şəkildə dəyişməsi, ABŞ-da şist qazı inqilabının baş verməsi, Asiyada enerjiyə tələbatın əhəmiyyətli dərəcədə artması və yeni enerji mənbələrinin aşkar edilməsi isə dünya neft bazarında tarazlığın pozulmasına, qiymət tərəddüdlərinə yol açıb. Artıq davamlı şəkil almış qlobal iqtisadi böhran neft istehsal və ixrac edən ölkələri yeni mənzərə ilə qarşı-qarşıya qoymaqdadır. Yanacaq-enerji kompleksindəki real vəziyyətin bir daha qiymətləndirilməsi, eləcə də qlobal enerji sektorundakı yeni çağırışlara adekvat reaksiya verilməsi bu mənzərənin əsas zərurətidir.
Ənənəvi yanaşmalara görə, dünya bazarında neftin qiymətinin artıb-azalması neft hasilatındakı dinamikaya da adekvat təsir göstərən iki mühüm faktordan birincisidir. Digər faktor kimi isə yüksək inkişaf etmiş ölkələrin iqtisadi inkişaf tempi göstərilir. Bu iki faktor bir-biri ilə sıx qarşılıqlı əlaqədədir və birbaşa olaraq biri digərindən asılıdır. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın yüksək inkişaf sürəti enerjidaşıyıcılarına tələbatın və neftin qiymətinin artmasını təmin etmiş olur. Eyni zamanda neftin bahalaşma tendensiyasının mütəmadi xarakter alması bu enerji növünə tələbat olan ölkələrdə fəaliyyətin azalmasına gətirib çıxarır. 2014-cü ilin ortalarından neftin qiymətində müşahidə olunan qeyri-sabitlik prosesini şərtləndirən səbəblər də bu və ya digər dərəcədə bu iqtisadi qanunauyğunluq çərçivəsində özünü büruzə verib. Neftin qiymətində izlənən ən yüksək inkişaf dinamikası 2014-cü ildə pik nöqtəyə çatıb, bu da öz növbəsində neft hasil edən ölkələrdə hasilatın artırılması prosesini sürətləndirib. Nəticədə həmin il təkcə qeyri-OPEK ölkələri hesabına dünyada neft təklifinin artması qısa müddətdən sonra neftin qiymətinin 50 faizədək ucuzlaşmasını şərtləndirib.
İraq, Liviya və Braziliyada ənənəvi, Şimali Amerikada isə qeyri-ənənəvi neft hasilatının əhəmiyyətli dərəcədə artması da dünya bazarında təklif çoxluğu ilə nəticələnib. Üstəlik, bu prosesin dünyanın iqtisadi inkişaf tempinə tərs-mütənasibliyi də neftin qiymətinin düşməsinə böyük təsir göstərib. 2008-2009-cu illərdə ABŞ-ı, növbəti illərdə Avropanı bürüyən iqtisadi böhranın 2014-2015-ci illərdə Çinə sıçraması neft idxalatçıları olan bu regionların tələbat qabiliyyətini aşağı salıb. Dünyada iqtisadi inkişaf dinamikasının zəifləməsi və neftə tələbatın azalması məhz 2014-cü ildə Liviyada hasilatın yüksəlməsi ilə güclü şəkildə hiss edilib, dünya bazarındakı payını qorumaq məqsədilə Səudiyyə Ərəbistanı və OPEK-in hasilatı azaltmamaq barədə qərarı ilə bu tendensiya daha da güclənib. Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, dünyada neft hasilatının kulminasiya məqamına gəlib çatdığı və bundan sonra azalma baş verəcəyi ilə bağlı bir neçə il əvvəl irəli sürülmüş proqnozlara rəğmən hazırda neft istehsal edən bütün ölkələr hasilat bumu yaşayır və elə qeyri-ənənəvi neft hasilatı sahəsində baş verən inqilab da göstərdi ki, yeni texnologiyaların tətbiqi hasilatın daha da yüksəlməsini vəd edir”.
Nazir yazır ki, neftin ucuzlaşmasının başlıca səbəbinin böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur: “Krım hadisələri ilə əlaqədar Rusiya və Qərb ölkələri arasında münasibətlərin gərginləşməsi, Afrikadan Asiyaya qədər böyük bir coğrafiyada gündən-günə alovlanan münaqişələr, Rusiya-Suriya-Türkiyə problemi, Səudiyyə Ərəbistanı və İran qarşıdurması, sizvilzasiyalararası toqquşmalar kimi dünya nizamını pozan proseslər də neft böhranını dərinləşdirən səbəblər kimi nəzərdən keçirilə bilər”.
Natiq Əliyev yazır ki, proqnozlara əsasən, 2017-ci ildən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq: “2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 milyon 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir. Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barrelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq. Enerji istehsalının artımını tələb edən faktorların əhalinin artması və dünyada qlobal iqtisadi aktivliklə şərtləndiyini nəzərə alsaq, növbəti onilliklərdə neftə tələbatın – nəticədə isə qiymətin də yüksələcəyini proqnozlaşdırmaq olar”.