Nazarbayev, Nursultan, Nur-Astana. Qazaxıstan paytaxtına bu üç addan biri verilə bilər.
Hər üç ad ölkənin hazırkı prezidenti Nursultan Nazarbayevin adından götürülüb.
Üçüncü ad (Nur-Astana) hazırkı prezidentin adı ilə paytaxtın hazırkı adının (Astana) birləşməsindən, daha dəqiqi, prezidentin adının bir hissəsinin paytaxtın adının əvvəlinə əlavə olunmasından ibarətdir.
Paytaxta prezidentin adının verilməsi, yaxud paytaxtın adında prezidentin adının əks olunması təklifini noyabrın 23-də parlamentin aşağı palatasının deputatı Kuanış Sultanov irəli sürüb. O, Qazaxıstanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə bəyannamə hazırlayıb. Bəyannamədə ölkənin müstəqillik illərində qazandığı əsas uğurlar sadalanır və ölkənin ilk prezidentinin adının paytaxtın adında əks olunması təklif edilir.
Qazaxıstanın ilk və hələ ki, son prezidenti Nursultan Nazarbayevdir. 1940-cı il iyulun 6-da Almatı vilayətində doğulan Nazarbayev Qazaxıstana sovet dövründən rəhbərlik edir. O, əvvəlcə metallurgiya sahəsində, komsomol və partiya orqanlarında çalışıb. 1979-cu ildə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, sonra Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olub. 1989-cu il iyunun 22-də isə Nazarbayev Qazaxıstanın rəhbəri postunu tutub, yəni Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1990-cı ildən o, eyni zamanda Qazaxıstan SSR Ali Sovetinin sədri postunu tutub.
Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstanın prezidentidir.
Qazaxıstan dövlət müstəqilliyini onun rəhbərliyi dövründə – 1991-ci il dekabrın 16-da elan edib.
Paytaxtın Almatıdan Astanaya köçürülməsi də Nazarbayevin rəhbərliyi dövründə – 1998-ci ildə baş verib. İndiki paytaxta Astana adını elə Nazarbayev özü qoyub. Buranın adı paytaxt salınana qədər Akmola olub.
Astananın adının dəyişdirilməsi Qazaxıstanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində prezident Nazarbayevlə bağlı irəli sürülmüş yeganə təklif deyil. Üzərində Nazarbayevin şəkli olan pulun buraxılması təklifi də olub və bu təklif artıq reallaşıb. Dekabrın 1-dən üzərində prezidentin portreti əks edilən 10000 təngəlik əsginaz dövriyyəyə buraxılacaq. Bu əsginazları Qazaxıstan Milli Bankı dövlət müstəqilliyinin 25 illiyi münasibətilə hazırlayıb.
Paytaxt Astananın adının dəyişdirilməsi məsələsinə gəlincə, bununla bağlı hələlik son açıqlamanı parlamentin yuxarı palatasının iqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Əsgər Beysenbayev verib.
Novator.az-ın məlumatına görə, noyabrın 24-də Əsgər Beysenbayev bildirib ki, paytaxtın adında prezidentin adının əks olunması ilə bağlı parlamentə çoxlu təklif daxil olur. Beysenbayevin sözlərinə görə, təkliflər arasında Nazarbayev, Nursultan və Nur-Astana variantları üstünlük təşkil edir. Yəni bunlar əsas variantlardır.
Əsgər Beysenbayev jurnalistlərə açıqlama verəndə onu da bildirib ki, vaxtilə paytaxta Astana adı qoyulanda, demək olar, hamı bunun əleyhinə idi: “Amma indi Astana adına hamı öyrəşib”.
Komitə sədri vurğulayıb ki, ölkənin ilk prezidenti Nursultan Nazarbayevin xidmətlərinə qiymət verilməli, onun adı əbədiləşdirilməli, tarixi sənədlərə salınmalıdır. Əsgər Beysenbayev bu məqsədlə konstitusiyada və paytaxtın adında dəyişiklik olunmasını vacib sayıb. Yəni onun fikrincə, Nazarbayevin adı konstitusiyada da əksini tapmalıdır.
Əsgər Beysenbayev paytaxtın adının dəyişdirilməsi ilə bağlı təkliflərin yaxın vaxtda müzakirə olunacağını vurğulayıb.