Naxçıvan Muxtar Respublikasının 2016-cı il büdcəsinin gəlirləri 69 milyon manat, xərcləri 351 milyon 350 min manat təsdiqlənib. Gəlir və xərcləri tənzimləmək üçün muxtar respublikaya Azərbaycanın dövlət büdcəsindən 282 milyon 350 min manat dotasiya ayrılıb.
2017-ci ilin dövlət büdcəsi layihəsində Naxçıvan Muxtar Respublikasına 278,9 milyon manat dotasiya nəzərdə tutulub.
Gələn il Azərbaycanın dövlət büdcəsindən 34 şəhər və rayona (Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı) heç bir vəsait ayrılmayacaq.
Naxçıvana xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayan Milli Məclisin deputatı Vahid Əhmədov Novator.az-a deyib ki, muxtar respublikada bir sıra iqtisadi layihələr həyata keçirilir: “Müəssisələr, istehsal obyektləri inşa edilir. Əsas diqqət isə ərazinin təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Naxçıvan xüsusi bir zonada yerləşdiyi üçün onun təhlükəsizliyini qorumaq çox vacibdir. Bölgənin Azərbaycanın qalan ərazisi ilə birbaşa əlaqəsi yoxdur. Ermənistanla həmsərhəd olduğu üçün muxtar respublikaya özəl diqqət vacibdir və hər il dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılır”.
Rəsmi hesabata görə, bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 1,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq 4479,8 manata çatıb.
10 ayda muxtar respublikada sənaye istehsalı üzrə 2015-ci illə müqayisədə 2,2 faiz, kənd təsərrüfatı məhsulu istehsalı üzrə 6,4 faiz artım qeydə alınıb. İnvestisiyaların həcmi 5,4 faiz artıb.
İqtisadçı ekspert Qubad İbadoğlu Novator.az-a deyib ki, Naxçıvanın vəziyyətini bütün sahələrdə təhlil apararaq öyrənmək lazımdır: “Ayrı-ayrı ölkələrdə adətən büdcə gəlirləri ümumi daxili məhsulun ən pis halda 20 faizi edir. Bəzi ölkələrdə bu, 30-35 faizdir. Əgər aşağı göstəricini 20 faiz götürsək, yəni Naxçıvanın büdcə gəlirləri ümumi daxili məhsulun 20 faizi qədər olarsa, bu haradasa 500 milyon manat deməkdir. Amma indiki halda Naxçıvanın büdcə gəlirləri ümumi daxili məhsulun heç 12 faizi deyil. Bölgənin maliyyə, vergi potensialı olsa da, ondan lazımi səviyyədə istifadə olunmur.
Naxçıvan blokadadadır, sahibkarlığın inkişafı burada ölkənin digər ərazilərindəki kimi yüksək səviyyədə deyil. Muxtar respublikaya yönəldilən hər bir vəsait əlavə dəyər yaradır. Tikintiyə, infrastruktura, konstruksiya işlərinə vəsait ayrılır və hər birində heç olmasa əlavə dəyər vergisi, əməkhaqqı nəzərdə tutulur. Muxtar respublikanın büdcəsi əsasən bu vəsaitlərdən formalaşır. Sahibkarlıq fəaliyyətindən büdcəyə daxilolmalar azdır. Bütün bunları sektorlar üzrə araşdırıb, xidmət, ticarət, sənaye, kənd təsərrüfatından daxilolmaları, büdcə gəlirlərini təhlil edib düzgün dəyərləndirmə aparmaq olar. Belə məlumatlara isə çıxış imkanlarımız yoxdur”.
Novator.az-a danışan deputat Fazil Mustafa Naxçıvan Muxtar Respublikasını digər regionlarla müqayisə etməyi yanlış saydığını vurğulayıb: “Naxçıvan Muxtar Respublikasında işləyən əhali azdır. Blokada vəziyyəti ucbatından kənd təsərrüfatı məhsullarının Azərbaycanın ana ərazisinə gətirilməsi mümkün olmur, xarici bazarlarda isə rəqabət sərtdir. Sovet dövründə də Naxçıvana güzəştli yanaşma vardı. İndi isə ərazinin blokadada qalması əlahiddə bir vəziyyət kimi qiymətləndirilir, ona görə də dotasiya ayırmaları çox vacibdir”.