Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio de Angelislə görüş olub. Rəsmi məlumata görə, BMT nümayəndəsinə bilgilər verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkə ərazisinin 20 faizinin işğalı nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Nazir qeyd edib ki, son illər qaçqın və məcburi köçkünlərin problemlərinin həllində mühüm irəliləyişlərə nail olunub: “Onların yeni yaşayış evləri, mənzillərlə təmin olunması üçün 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin salınması, 250 min qaçqın və məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılması təmin edilib. Həmçinin son 13 il ərzində məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Onların problemlərinin həlli ilə bağlı digər sahələrdə də əhəmiyyətli işlər görülüb. Beləliklə, Azərbaycan 1 milyondan çox insanın, yəni dünyada humanitar kömək istəyən 100 milyona yaxın insanın 1 faizinin problemlərini təkbaşına olaraq həll edən bir ölkədir”.
Müslümov yoxsulluq səviyyəsinin 5 faizə endiyi ölkədə məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması tədbirləri nəticəsində onlar arasında da yoxsulluğun kəskin şəkildə azalaraq son 13 ildə 75 faizdən 12 faizə düşdüyünü diqqətə çatdırıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təmin etdiyi sosial müavinət və pensiyaları, Azərbaycan prezidentinin aylıq təqaüdlərini, sosial yardımları alanların bir hissəsi də məhz məcburi köçkünlərdir. Onlarla bağlı həyata keçirilən aktiv məşğulluq tədbirlərinin davamı kimi bu ilin 9 ayında nazirliyin xətti ilə 2615 nəfər məcburi köçkün münasib işlərlə təmin edilib, 252 nəfər peşə hazırlığına cəlb olunub. Azərbaycan prezidentinin 7 aprel 2016-cı il sərəncamı əsasında əhalinin özünüməşğulluğunun təmin olunması istiqamətində proqram icra olunur. Aztəminatlı ailələrin biznes imkanlarına malik olmalarına şərait yaradan bu proqramın əhatə etdiyi insanlar arasında da məcburi köçkünlər də var”.
Nazir milli qanunvericilikdə əməkçi miqrantların Azərbaycan Respublikası vətəndaşları ilə eyni sosial və əmək hüquqlarına malik olmasının təsbit edildiyini, əməkçi miqrantlara qarşı hər-hansı formada ayrı-seçkiliyə yol verilmədiyini vurğulayıb.
Görüşdə qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərin humanitar ehtiyaclarının qarşılanması sahəsində gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib.