ABŞ Dövlət Departamenti REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsdə qalmasına münasibət bildirib. “Turan” agentliyinin məlumatına görə, Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, ABŞ Avropa Şurası və Avropa İttifaqı kimi Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədovun kassasiya şikayətini qəbul etməməsindən narahatlığını bildirir: “Biz Azərbaycan rəsmilərini cənab Məmmədova qarşı irəli sürülən bütün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-cü ildə verdiyi qərara riayət etməyə çağırırıq”.
Sənəddə İlqar Məmmədov da daxil olmaqla əsas azadlıqlardan yararlanmalarına görə həbs edilən şəxslərin azadlığa buraxılması istənir.
Noyabrın 18-də Ali Məhkəmə İlqar Məmmədovun şikayətinə baxıb. İlqar Məmmədov Şəki Apellyasiya Məhkəməsinin aprelin 29-da çıxardığı qərardan şikayət etmişdi. Şikayət təmin olunmayıb.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb.
1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub. REAL Hərəkatını 2008-ci ildə yaradıb.