Noyabrın 22-də ədliyyə işçilərinin peşə bayramı qeyd olunur. Novator.az-ın məlumatına görə, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Azərbaycan” qəzetində bu münasibətlə dərc olunmuş yazısında statistik məlumatlar açıqlayıb. O qeyd edir ki, bu ilin 9 ayı ərzində 2100-dən çox qanunvericilik aktının layihələri ekspertizadan keçirilib, 900-dək mühüm layihə hazırlanıb: “Əhalinin daha çox təmasda olduğu notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı artaraq 2016-cı ilin 9 ayı ərzində 2,7 milyona çatıb, bunun da 90%-dən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin qeydiyyat orqanlarında 240 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 117,5 min, nikahın sayı isə 49 min təşkil edib”.
Nazir ölkədə qeyri-kommersiya təşkilatlarının sayının 4300-ə çatdığını, KİV-in sayının isə 5100-ü ötdüyünü vurğulayır.
Fikrət Məmmədov bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 60 faizdən çox artdığını, onlardan 230 mindən çoxunun icrasının təmin edildiyini yazır: “İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 3702 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2441 şəxs inzibati qaydada həbs edilib, 260 şəxs barəsində cinayət işi başlanıb. 5694 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Nazirliyin istintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 428 cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunub.
9 ayda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 39 mindən çox bələdiyyə aktı yoxlanıb, qanunsuz qərarların ləğvinə nail olunub, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 41 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb”.
Fikrət Məmmədov prezidentin ötən bir ildə imzaladığı sərəncamlarla 358 nəfərin əfv olunduğunu, Respublika Günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxsin müxtəlif cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edildiyini yazır: “Məhkumları vaxtından əvvəl şərti olaraq azad etmə institutunun səmərəli tətbiqi nəticəsində bu günədək həqiqi islah yoluna qədəm qoymuş 6300-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələrdə baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib”.