Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov AZƏRTAC-a müsahibə verib. “Beynəlxalq Şəffaflıq” təşkilatının hazırladığı 2016-cı il Qlobal Korrupsiya Barometri hesabatının Azərbaycana dair nəticələrinə (Azərbaycanda korrupsiya: vətəndaşlar nə düşünür?) toxunan administrasiya rəsmisi deyib: “Azərbaycanla bağlı nəticələr ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərir. Hesabata görə, Azərbaycanda respondentlərin 79 faizi korrupsiyanı cəmiyyətimizin üzləşdiyi əsas problemlərdən hesab etmir. Bu göstərici Avropa İttifaqı (68 faiz) və postsovet ölkələri (66 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən yaxşıdır.
Hesabatın digər ənənəvi indikatoru dövlətlərin korrupsiya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin səmərəliliyi ilə bağlıdır. Estoniyada respondentlərin 37 faizi, Gürcüstanda 41 faizi, Rumıniyada 42 faizi, Serbiyada 45 faizi, Niderlandda 53 faizi, Böyük Britaniyada 57 faizi, Fransada 64 faizi, Ermənistanda 65 faizi, Latviyada 71 faizi, Sloveniyada 77 faizi, İspaniyada 80 faizi hesab edir ki, ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar səmərəli deyil. Azərbaycan üzrə bu göstərici yalnız 15 faizdir. Bu indikator Avropa İttifaqı (53 faiz) və postsovet ölkələri (56 faiz) üzrə müəyyən edilmiş orta göstəricidən dəfələrlə yaxşıdır.
Digər bir statistika isə vəzifəli şəxslərin və siyasətçilərin korrupsiyaya hansı səviyyədə məruz qalması ilə əlaqədardır. Böyük Britaniyada respondentlərin 27 faizi, Portuqaliya və Macarıstanda 30 faizi, İtaliyada 36 faizi, Yunanıstanda 39 faizi, Slovakiyada 40 faizi, Ukraynada 63 faizi hesab edir ki, onların ölkələrində vəzifəli şəxslər və siyasətçilər fəaliyyətlərində korrupsiya hallarına yol verirlər. Azərbaycan üzrə bu göstərici isə 11 faizdir. Ölkəmiz bu istiqamətdə də Avropa İttifaqı (24 faiz) və postsovet ölkələri (31 faiz) üzrə müəyyən edilmiş orta göstəricilərdən yaxşı nəticəyə malikdir.
Hesabatın Azərbaycanla bağlı nəticələri ümumilikdə proqressivdir. Nəticələrin təşkilatın 2010-cu və 2013-cü illərdə keçirilmiş analoji hesabatlarının nəticələri ilə müqayisəsi ölkəmizdə korrupsiyanın səviyyəsinin azaldığını göstərir”.
Fuad Ələsgərov “Beynəlxalq Şəffaflıq” təşkilatının cari hesabatı ilə Korrupsiya Qavrama İndeksinin Azərbaycanla bağlı nəticələri (Korrupsiya indeksi: Azərbaycan 168 ölkə arasında 119-cudur) arasında fərqə də toxunub: “2016-cı ildə təqdim edilən Korrupsiya Qavrama İndeksində Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə irəliləyib. Buna baxmayaraq hesab edirik ki, Qlobal Korrupsiya Barometri daha şəffafdır və ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri daha dəqiq əks etdirir. Çünki bu hesabat birbaşa olaraq vətəndaşların mövqeyini ifadə edir. Korrupsiya Qavrama İndeksində isə hesabatın hazırlanmasında müxtəlif subyektiv mənbələrdən və təşkilatların hesabatlarından istifadə olunur”.