Dövlət başçısı İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev Donald Trampı prezident seçkisində qələbəsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
İlham Əliyev Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi sahələrində uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın olduğunu qeyd edib.
Donald Tramp prezidentə minnətdarlığını bildirib, qeyd edib ki, İlham Əliyev haqqında çox xoş söz eşidib. Dövlət başçısına fəaliyyətində uğurlar arzulayan Donald Tramp İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
Novator.az bildirir ki, Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirən Donald Tramp bütün karyerasını tikinti biznesinə həsr edib, milyarderdir.
1999-cu ildən Respublikaçılar Partiyasının üzvü olan Donald Tramp bu il iyul ayında qurumun prezidentliyə namizədi seçilib.
Noyabrın 8-də keçirilmiş ümumxalq səsverməsində Donald Tramp Demokratlar Partiyasından rəqibi Hillari Klintonu xeyli geridə qoyaraq 538 nəfərlik Seçicilər Kollegiyasına qələbə üçün bəs edən 270-dən nümayəndə qazanıb. Dövlət başçısını dekabrın 19-da Seçicilər Kollegiyası seçəcək, amma Donald Tramp artıq qalib sayılır.
Azərbaycan prezidenti İlham Əliyev onu noyabrın 9-da təbrik edib. Dövlət başçısı Donald Trampa təbrik məktubunda Azərbaycanın Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyini vurğulayıb: “Ərazilərimizin 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tanıyıb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Ümidvaram ki, ABŞ Minsk qrupunun həmsədri kimi Sizin rəhbərliyiniz altında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcək”.
Noyabrın 17-də İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edərkən İspaniyanın EFE xəbər agentliyinin prezidentinin Donald Tramp barədə sualını da cavablandırıb. Prezident deyib ki, Donald Tramp barədə şəxsi fikri çox müsbətdir: “Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, ona qarşı aparılan aqressiv kampaniyaya baxmayaraq Amerika xalqı ona böyük dəstək göstərdi, o, seçkidə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur. O, böyük hörmətə layiqdir. Ümid edirik ki, əvvəlki illərdə ABŞ-la Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq”.