Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı yeni fərman verib. Noyabrın 16-da imzalanan fərmanla “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası təsdiqlənib (Qayda).
Dövlət başçısı “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmasını və 2017-ci il mayın 1-dən tətbiq edilməsini tapşırıb. “Güzəştli mənzil” sisteminin təşkilini Mənzil İnşaatı Dövlət Agentliyi, fəaliyyətinin təmin olunmasını isə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək.
Mənzilləri güzəştlə əldə etmək hüququ prezidentin 22 iyun 2016-cı il fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi qaydası”nda nəzərdə tutulmuş şəxslərə məxsusdur.
Novator.az xatırladır ki, iyunun 22-də prezident İlham Əliyevin təsdiqlədiyi qaydaya əsasən, ipoteka kreditləşməsini “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (ASC) həyata keçirəcək. Qaydaya görə, ipoteka kreditini Azərbaycan vətəndaşı ala bilər. Kredit manatla, 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilir. Bu xidmətdən mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı yaşayış sahəsinin alınması üçün istifadə edilə bilər.
İpoteka kreditinin məbləği ərazi üzrə orta bazar qiymətindən artıq olmur və təmirli yaşayış sahələrinin alınmasına verilir. Maksimal məbləği və illik faiz dərəcələrini ASC-nin Müşahidə Şurası müəyyən edir.
Qaydaya görə, vətəndaşa yaşayış sahəsinin dəyərinin 85 faizindən çox və 75 faizindən az məbləğdə kredit verilmir. Aylıq ödənişin həcmi isə ümumi gəlirin 70 faizindən çox olmur, bərabər hissələrə bölünür. Kreditin son ödəniş tarixi pensiya yaşı həddini (kişilər üçün 63 yaş, qadınlar üçün 60 yaş) keçməməlidir.
Gənc ailənin üzvü olan bu şəxslər ipoteka krediti imkanından istifadə edə bilər:
– şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
– Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
– məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
– ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
– ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
– fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
– idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
– elmlər doktoru elmi dərəcəsi olan şəxs;
– ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
– ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılan hərbi qulluqçular;
– ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Güzəştli ipoteka kreditindən yalnız bir dəfə istifadə oluna bilər.
İpoteka krediti “Elektron hökumət” portalında olan “Elektron ipoteka” sistemi ilə verilir. Bu sistemlə edilən müraciətlərə növbəli əsasda baxılır.