2018-ci ilin iyun-iyul ayları Rusiyada keçiriləcək dünya futbol çempionatına qatılası 32 milli komandanın 31-i seçmə mərhələdən gələcək.
Novator.az-ın xəbər verdiyi kimi, Avropada 13 vəsiqə uğrunda mübarizə 9 qrupda aparılır. Qrup qalibləri finala birbaşa vəsiqə alacaq, ikinci yeri tutan komandalardan 8-i qalan vəsiqələr üçün əlavə oyunlar keçirəcək.
İndi A qrupunda Fransa, B qrupunda İsveçrə, C qrupunda Almaniya, D qrupunda İrlandiya, E qrupunda Polşa, F qrupunda İngiltərə, G qrupunda İspaniya və İtaliya, H qrupunda Belçika, İ qrupunda Xorvatiya öndədir (Turnir cədvəlləri).
Novator.az digər zonalar üzrə duruma da nəzər yetirib.
Asiya zonasında 12 komanda 2 qrupa bölünüb. Hazırda A qrupunda İran liderdir. Cənubi Koreya ikinci, Özbəkistan üçüncü pillədədir.
B qrupunda Səudiyyə Ərəbistanı və Yaponiya önə çıxıb. Onları Avstraliya və Birləşmiş Ərəb Əmirlikləri təqib edir.
Qruplarda ilk iki yeri tutan komandalar dünya çempionatına birbaşa yollanacaq. Üçüncülərin öz aralarındakı oyunlarının qalibi isə Şimali və Mərkəzi Amerikanın təmsilçisi ilə üz-üzə gəlməlidir.
Şimali və Mərkəzi Amerika zonasında 6 komanda 1 qrupda yarışır. Dünya çempionatına birbaşa çıxmaq hüququ verən ilk üç pillədə Kosta Rika, Meksika və Panama dayanır. Honduras dördüncü yerdədir və Asiya zonasının təmsilçisi ilə görüşməyə namizəddir.
Okeaniya zonasında 6 komanda 2 qrupda mübarizə aparır. Qrup qalibləri öz aralarında görüşdükdən sonra dünya çempionatına vəsiqə üçün Cənubi Amerika təmsilçisi ilə yarışmalıdır.
Cənubi Amerika zonasında 4 vəsiqə uğrunda 10 komanda yarışır. 12 turdan sonra ilk dörd pilləni Braziliya, Uruqvay, Ekvador və Çili tutur. Argentina beşincidir. Bu mövqe Okeaniya zonasının qalibi ilə üz-üzə gəlmək imkanı verir.
Afrika zonasında 20 komanda 5 qrupda mübarizə aparır. Dünya çempionatına qrup qalibləri vəsiqə alacaq. Hazırda A qrupunda Konqo Demokratik Respublikası və Tunis, B qrupunda Nigeriya, C qrupunda Fil Dişi Sahili, D qrupunda Burkina-Faso və Cənubi Afrika Respublikası, E qrupunda Misir öndədir.