Bu ilin oktyabr ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 800-dən çox müraciət edilib. 63%-i Bakı şəhərinin, 37%-i regionların payına düşən müraciətlər əsasən sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi, “Made in Azerbaijan” brendinin təşviqi və nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub.
Novator.az bildirir ki, rəsmi hesabata görə, oktyabr ayında 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 260-a yaxın, xidmətin istifadəyə verildiyi son 6 ayda isə 1400-dən çox vətəndaş istifadə edib. 7 istiqamət üzrə məlumat verən səsli menyudan yararlanan şəxslər daha çox lisenziyaların verilməsi barədə məlumat alıblar.
Ümumiyyətlə indiyədək 195-2-yə 58 mindən çox müraciət olunub.
İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinin xidmətlərindən istifadə üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng vuraraq “2” düyməsini yığıb nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək və səsli menyunun köməyi ilə müvafiq məlumatlar almaq olar. Stasionar nömrələrdən “195-2” nömrəsinə edilən zənglər, Çağrı Mərkəzində göstərilən bütün xidmətlər ödənişsizdir.