Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən məhsul alınıb.
9 ayda xarici ticarət dövriyyəsi 15 milyard 781,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9 milyard 579,8 milyon dollar, idxalın dəyəri 6 milyard 201,5 milyon dollar təşkil edib, 3 milyard 378,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ticarət dövriyyəsinin 38,3 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB ölkələri, 49,6 faizi digər ölkələrin payına düşüb.
Pərakəndə ticarət dövriyyəsi haqqında hesabata görə, 2016-cı ilin yanvar-oktyabr aylarında istehlakçılara 23,9 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8 faiz artıb.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.