“Narkotik ittihamı üzrə özümü qətiyyən təqsirli bilmirəm. Mən Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” yazdığıma görə həbs olunmuşam. Buna görə özümü məmnun hiss edirəm. Həyatımın ən böyük uğurlarından biridir”. Azadliq.org-un məlumatına görə, bunu narkotik ittihamı ilə həbs olunan 21 yaşlı Bayram Məmmədov noyabrın 11-də keçirilən məhkəmə prosesində deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Ramin Nağdəliyev ittiham aktını elan edib. İttihama görə, Bayram bu ilin yanvar ayında kimliyi istintaqa bəlli olmayan İran vətəndaşından bir kiloqramdan artıq narkotik alıb və satış məqsədilə özündə saxlayıb. Həmin narkotikin az bir hissəsi saxlanarkən üstündən çıxıb, qalanı da evlərindən, kompüterin arxasından götürülüb.
Bayram Məmmədov ifadə verib. O, hakimlər heyətinə üz tutaraq deyib: “Siz hakimlər bu məhkəmədə öz iqtidarınızı itirmisiniz. Başqa məhkəmə işlərində iqtidarınızı qorumaq üçün verilən sifarişi yerinə yetirməlisiniz. Bir daha deyirəm, Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” yazdığıma görə həbs olunmuşam. Yazmaqda məqsəd ölkədəki haqsızlığa və ədalətsizliyə etiraz etmək idi. Həbsimin səbəbi budur. O şüarı yazmaqda başqa bir məqsədimiz də vardı. Müxalif düşərgədə sakitlik idi. Ortalığı qızışdırmaq lazım idi, katalizator özümüz olduq. İndi İstanbulda, Avropa ölkələrindəki heykəllərlə bağlı da eyni aksiyalar keçirilir. Biz Qiyas İbrahimovla birlikdə bir hərəkat başlatdıq”.
Gənc fəal ifadəsində daha sonra deyib: “Narkotik ittihamına gəlincə, elə bil ki, qədim Yunanıstanda Zevsin heykəlini yazıb kahinlərin əlinə düşmüşəm. İşin içində işgəncə altında alınmış ifadə olmalıdır. Mən mayın 9-da axşam saat 23 radələrində heykələ şüar yazdım, ayın 10-da evimizə zəng gəldi, soruşdular ki, Bayramgilin evidir? Bildim ki, dünənkinə görə aparmağa gəlirlər. Evdən çıxan kimi üç nəfər zorla məni ağ rəngli “Cip” avtomobilinə mindirib 12-ci bölməyə apardı. İlk döyüşlər orada başlandı. 7-8 nəfər düşdü üstümə. Əllərim bağlı vəziyyətdə davam edən döyüş təxminən bir saat çəkdi. Oradan paytaxt polisinə apardılar. Döyüşlərin dörddə bir mərhələsi də burada davam elədi. Yarımfinal da Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında oldu”.
Bayram Məmmədov işgəncələrə məruz qaldığını desə də, zalda valideynləri olduğundan bu barədə ətraflı danışmaq istəməyib: “Elə situasiya yaranır ki, adam hətta iki nəfərin ölümünü də boynuna götürmək məcburiyyətində olur. Elə dəyərlər var ki, onlardan keçmək olmur. Dubinka, elektroşok, ağzını bağlayıb ikinci mərtəbədən atmaq, valideynlərlə hədələmək… Gələn dəfə evdəkilər gəlməsə, bu barədə ətraflı danışaram”.
Bayram Məmmədov deyib ki, əvvəlcə üzərinə daha az miqdarda narkotik qoyulub, sonradan artırıblar: “Şirəli adlı biri vardı, dedi ki, yuxarıdan tapşırıblar, çox qoyulmalıdır. Zəng elədilər ki, Pirşağıdan “mal” gətirin”.
Daha sonra məhkəmədə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Şirəli Babayev, Naib Ömərov, əvvəl 12-ci bölmənin əməkdaşı olmuş, hazırda 32-ci bölmədə işləyən Fərid Babayev, hal şahidləri İntiqam Kərimov və Nizami Quliyev ifadə veriblər. Polislər iddia ediblər ki, Bayram əməliyyat məlumatı əsasında saxlanıb və tutularkən birbaşa Bakı Şəhər Baş Polis İdarəsinə gətirilib.
Bayram bildirib ki, dindirilən polislər yalan danışır, narkotiki də cibinə Naib Ömərov atıb.
Məhkəmə noyabrın 24-də davam edəcək.
Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da həbs edilib. Gənclər külli miqdarda narkotik vasitə saxlamaqda ittiham olunurlar. Bayram Məmmədovun üstündən 2,9 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üstündən 2,607 qram, yaşadığı mənzildən 1 kiloqram 10 qram heroin tapıldığı bəyan edilib.
Müdafiəçiləri hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulub.
Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Qiyas İbrahimovu 10 il müddətinə azadlıqdan məhrum edib.