Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti 16-31 oktyabr arası qanunvericiliyin tələblərinə riayət olunması durumunu araşdırıb. Rəsmi məlumata əsasən, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 141 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 23 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 46 iş üzrə 46250 manat məbləğində inzibati cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 34 iş üzrə 46672,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 167 iş üzrə 204427,17 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 19, icra qurumlarına 42, məhkəmələrə 6 iş göndərilib.