Noyabrın 4-ü Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Bayram Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib. Prosesə hakim Eynulla Vəliyev sədrlik edib.
Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da həbs edilib. Gənclər külli miqdarda narkotik vasitə saxlamaqda ittiham olunurlar. Bayram Məmmədovun üstündən 2,9 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üstündən 2,607 qram, yaşadığı mənzildən 1 kiloqram 10 qram heroin tapıldığı bəyan edilib.
Müdafiəçiləri hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulub.
Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Azadliq.org-un məlumatına görə, noyabrın 4-də keçirilən hazırlıq iclasında hakim Eynulla Vəliyev Bayram Məmmədovdan işə baxan hakimlər heyətinə etirazı olub-olmadığını soruşub. Bayram Məmmədov belə cavab verib: “Mənim etirazım bu cür dövlətçilik sisteminə və prezidentədir. Sizin yerinizdə kimin oturmasının mənim üçün heç bir fərqi yoxdur. Onsuz da bura məndən ötrü tamaşa zalıdır – Musiqili Komediya Teatrı. Quruluşçu rejissor da İlham Əliyevdir”.
Hakim Bayram Məmmədovun sözünü kəsib və məhkəmə qaydalarına əməl etməyə çağırıb. Gənc fəal “Mən azad insanam, sözümü deyirəm. Belədirsə, verin 12 ili, çıxım gedim” deyib.
Bayram Məmmədovun vəkili Elçin Sadıqov gənc fəal barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətlər qaldırıb. O, bir sıra sənədlərin sübutlar siyahısından çıxarılması, bəzi qurumlara sorğu göndərilib iş üçün əhəmiyyətli sübutların alınmasını da istəyib: “Bayram Məmmədovun əməlində cinayət tərkibi yoxdur. İşin içindəki sənədlər də bunu sübut edir. O, işgəncə altında etiraf ifadəsi verməyə məcbur edilib. Onun narkotik satması ittihamı üzrə bu ifadədən başqa heç bir sübut yoxdur.
Biz istintaq zamanı narkotikdən barmaq izlərinin götürülməsi barədə vəsatət qaldırdıq, amma təmin olunmadı. Əgər götürülsəydi, məlum olardı ki, üstündən və evindən tapıldığı iddia olunan narkotikin Bayrama heç bir aidiyyəti yoxdur. Ona görə də cinayət işinə xitam verilməlidir”.
Elçin Sadıqov həmçinin Bayram Məmmədov həbs edilərkən ona dövlət hesabına təyin olunmuş müdafiəçi Hilal Bağırovun həmin gün vəkil kimi çıxdığı işlərin siyahısının alınması üçün Vəkillər Kollegiyasına sorğu göndərilməsini istəyib.
Vəkilin sözlərinə görə, bu işdə hal şahidi olan şəxslərin bir sıra başqa narkotik işlərində də eyni statusla iştirak etməsi, onların Bakı Şəhər Baş Polis İdarəsinin qeyri-rəsmi əməkdaşları olması barədə dəqiq məlumatları var. Elçin Sadıqov həmin cinayət işləri barədə informasiya alınmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə, Sabunçu və Suraxanı məhkəmələrinə də sorğu verilməsini istəyib.
Vəsatətlərin heç biri təmin olunmayıb. Hazırlıq iclasının qərarı ilə məhkəmə baxışı noyabrın 11-nə təyin edilib.