Bəzi ölkələrdə dövlət vəzifələri tutmağa məhdudiyyət qoyan lüstrasiya qanunu təcrübəsi var. Latın sözü “lustratio”dan gələn bu termin qurban verməklə təmizlənmə mənası daşıyır. Söhbət hakimiyyətin təmizlənməsindən gedir.
Məsələn, Baltik və Şərqi Avropa ölkələrində bu cür qanun SSRİ dağılandan sonra qəbul olunub, sovet rejimi ilə əməkdaşlıq etmiş şəxslərə dövlət və hökumət vəzifəsi tutmaq yasaqlanıb.
Gürcüstanda belə bir qanun 2010-cu ildə qüvvəyə minib və SSRİ dövründə dövlət təhlükəsizliyi orqanları ilə əməkdaşlıq etmiş adamlara tətbiq olunub.
2014-cü ildən Ukraynada qüvvədə olan lüstrasiya qanunu həmin il devrilən Viktor Yanukoviçin prezidentliyi dövründə məmur işləmiş adamların bir qisminə şamil olunub. Nəticədə 5 min nəfər keçmiş məmura dövlət vəzifələri tutmaq qadağan edilib.
Azərbaycanda bu cür məhdudiyyətə baxış necədir? Səlahiyyət sahibi olduğu müddətdə qanunları pozmuş (korrupsiyaya, siyasi repressiyalara yol vermiş və s.) şəxslərin dövlət vəzifələri tutması qadağan olunmalıdırmı?
Müxalif REAL Hərəkatının liderlərindən olan Azər Qasımlı Novator.az-a deyib ki, Azərbaycanda da lüstrasiya qanununa ehtiyac var. O, REAL Hərəkatının bu istiqamətdə hazırladığı keçid dövrü qanunu layihəsinin bəzi müddəalarına diqqət çəkib: “Hüquqları pozulanların, həmçinin pis rəftara məruz qalanların reabilitasiyası qaydaları müəyyən ediləcək. Siyasi təqiblər nəticəsində mühakimə olunub siyasi məhbus və vicdan məhbusu hesab edilmiş şəxslər könüllülük əsasında tam hüquqi və maddi reabilitasiya ilə təmin olunacaq.
Kapital və vergi amnistiyası ilə subyektlər leqallaşdırmaya qədərki dövr üçün vergi öhdəliklərindən və vəsaitlərin auditindən azad ediləcək.
Keçmiş rejimlə əlaqəsi olan, onun saxlanması üçün ciddi fəaliyyət göstərən, adı kobud hüquq pozuntularında keçən şəxslərin həm siyasi, həm qeyri-siyasi sahədə bəzi fəaliyyətlərlə məşğul olması yasaqlanacaq”.
Azər Qasımlı bildirir ki, hazırladıqları lüstrasiya qanunu əsasən üç istiqamətdə həyata keçirilməlidir: “İlk növbədə həm müstəqillik, həm də keçmiş sovet dövründə vəzifə sahibi olmuş və ya keçmiş hakimiyyətlərlə əməkdaşlıq edən insanların siyasi vəzifə tutması və ictimai fəaliyyətlə məşğul olmasına məhdudiyyətlər qoyulmalıdır. Daha sonra insan haqlarının pozuntusunda əli olan dövlət məmurları və hakimlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Üçüncüsü, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin ölkə daxilinə aid olan, keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin isə bütün arxivləri açılmalıdır. Arxivlərin açılmasından öncə vətəndaşlara etiraf etmə və öhdəlik götürmə şansı verilməlidir. Lakin bu arxivlər yalnız məhdud bir müddət çərçivəsində açılmalı və qanunla müəyyən edilmiş zaman keçdikdən sonra yalnız tarixi araşdırmalarla məşğul olanlar üçün əlçatan olmalıdır”.
Azər Qasımlı qeyd edir ki, lüstrasiya çox ağrılı və olduqca çətin prosesdir: “Lüstrasiya bir tərəfdən tarixi ədalətin bərpa olunmasına və cəmiyyətin sağalmasına xidmət edir, digər tərəfdən isə tam əksinə, ictimai gərginliyi artıra, kəskin qarşıdurmaya gətirib çıxara bilər. Belə qanunu qəbul etməzdən qabaq əsasən Baltik ölkələrin, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi öyrənilməli və dərindən araşdırılmalı, Azərbaycanın spesifikasına uyğunlaşdırılmalıdır.
Azərbaycanda lüstrasiya qanununun alternativi yalnız o ola bilər ki, siyasi rejim ölkədə siyasi barış elan etsin, buna uyğun olaraq da siyasi islahatlara başlasın və bütün siyasi təşkilatların iştirakı ilə tam şəffaf, azad və demokratik seçkilər keçirilsin”.