Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev V Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə yazıb.
Bu il sentyabrın 29-30-da keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 80-nə yaxın ölkəsindən 400-dən çox nümayəndə, o cümlədən 15 Nobel mükafatı laureatı iştirak edib.
Novator.az-ın məlumatına görə, AZƏRTAC-da yayılan məqaləsində (“V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır”) Ramiz Mehdiyev qeyd edir ki, Azərbaycan bütün sahələrdə tarixi dəyişikliklər mərhələsindədir: “Gənc müstəqil ölkəmiz prezident İlham Əliyevin rəhbərliyi ilə keçid dövrünün çətinliklərini inamla dəf edərək ictimai-siyasi inkişafın, iqtisadiyyatın modernləşdirilməsinin, Azərbaycan xalqının milli mənlik şüurunun yüksəlməsinin yeni fazasına qədəm qoyub.
Yeniləşməkdə olan cəmiyyətimiz öz dinamizmi ilə xoşbəxt gələcəyə – XXI əsr dünyasına istiqamətlənib. Həm Şərqə, həm də Qərbə aid dünyəvi, müasir dövlət olan Azərbaycan üçün etnosların, dillərin və dinlərin qaynayıb-qarışması, onların sülh və həmrəylik şəraitində birgə yaşayışı səciyyəvi cəhətlərdir. Cəsarətlə demək olar ki, bu gün burada təkcə ölkəmizin yox, həm də region dövlətlərinin taleyi, sırf milli məsələlərlə yanaşı, transmilli, qlobal məsələlər də həll edilir.
Azərbaycan fəal diplomatik əlaqələrin qurulduğu, intensiv danışıqlar proseslərinin aparıldığı, ən mühüm tarixi sənədlərin imzalandığı məkandır. Bizim dövlətimiz sözün həqiqi mənasında müxtəlif sivilizasiyaların nümayəndələrinin görüş məkanına çevrilib. Çoxmədəniyyətli, polietnik, tolerant, yeni zəfərlərə və təşəbbüslərə hazır olan bu diyar qədim dövrün möhtəşəm abidələri ilə eleqant yeni tikililərin harmonik şəkildə qonşuluq etdiyi, müxtəlif arxitektura üslublarının və tarixi layların mozaikasının hökm sürdüyü, neft-qaz bumu ilə yanaşı genişmiqyaslı “mədəni bum”un möhkəmləndiyi məkandır. İdeyadakı həyatdan reallıqdakı həyata keçidi həm sosial-iqtisadi transformasiya, həm də keçmişdən gələcəyə istiqamətlənmiş ölkəmizin ruhu nümunəsində əyani və aşkar şəkildə görmək olar.
Şəksiz ki, Azərbaycanın müasir tarixi mərhələyə daxil olmasının ən aşkar və parlaq əlaməti ölkəmizdə mədəni həyatın çiçəklənməsi, Azərbaycan və ümumdünya mənəvi dəyərlərinin qarşılıqlı nüfuz etməsinin yeni paradiqmaları və perspektivləridir. Ölkəmizdə həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlər, forumlar, konfranslar və seminarlar, həmçinin Azərbaycan xalqının mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə onların üzvi qarşılıqlı əlaqəsini təbliğ edən festivallar və müsabiqələr təşkil olunur. Azərbaycan və Rusiya liderlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu bu baxımdan nümunəvi misal, özünəməxsus xalqlar dostluğu körpüsüdür.
2010-cu ildə iki prezidentin – İlham Əliyevin və Dmitri Medvedyevin qərarı ilə yaradılan və artıq ənənə halı alan bu forum tanınmış ictimai-siyasi xadimləri, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndələrini öz məkanında birləşdirir. Bakı forumunun tribunalarından və onun kuluarlarında müxtəlif ölkələrin, regionların və nəsillərin nümayəndələri ünsiyyət saxlayır, diskussiya aparır və ümumi nəticələrə gəlirlər. Əlamətdar haldır ki, bu məhz Bakıda baş verir. Çünki Azərbaycan torpağı bütün dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan xalqı isə yaratmaq və birləşdirmək bacarığı ilə məşhur olub”.
Ramiz Mehdiyev yazır ki, Azərbaycan xalqına üzvi şəkildə xas olan, onun mahiyyətini, mentalitetinin xüsusiyyətlərini müəyyən edən və səciyyələndirən multikulturalizm mövzusu bütün Bakı humanitar forumlarının işində üstünlük təşkil edir: “Xalqımızın əzəli, permanent xüsusiyyəti olan multikulturalizm bütün dövrlərdə, hətta ən dramatik mərhələlərdə də dünyanın hər yerində müxtəlif xalqların nümayəndələri ilə ortaq dil tapmağa və ən başlıcası, öz yurdunda millətlərarası sülh və rifah vahəsi yaratmağa imkan verib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda bizim tariximiz multikulturalizm əsasında qurulub. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olub və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meylləri gündəlik həyatda gücləndirir”.
Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Bu qiymətli sosial hadisə Azərbaycan xalqının əsl keyfiyyətini və xarakteristikasını açıqlayır, onun hansı mənəvi yüksəkliklərə çatdığını göstərir. Müxtəlif xalqların elitasının nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətini yüksək qiymətləndirir, vurğulayırlar ki, Azərbaycan haqlı olaraq multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir. Multikulturalizm çoxmillətli dövlətlərdə siyasi sabitlik yaradılması üçün ən səmərəli vasitədir”.
Bakı Beynəlxalq Humanitar Forumunda altı istiqamətdə iş aparılıb: “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”; “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”; “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”; “Davamlı inkişaf və ekoloji sivilizasiya”; “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrların hazırlanması məsələləri: innovativ və etik problemlər”; “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları”.