26 sentyabr referendumunda Azərbaycan Konstitusiyasına edilən bir dəyişiklik də 18 yaşına çatmış şəxsə parlamentin deputatı seçilmək hüququnun verilməsi oldu. Bu yeniliyədək deputat seçilmək yaşı 25-dən başlayırdı.
Ana qanun prezident seçilmək, baş nazir, baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə təyinat üçün ali təhsilli olmaq şərti qoyur. Parlamentin deputatı seçilmək üçün belə şərt yoxdur. Yəni nəzəri baxımdan 125 yerlik Azərbaycan parlamentinin bütün deputatları ali təhsilsiz şəxslər ola bilər.
Qonşu ölkələrdən Rusiya və Gürcüstanda 21, Türkiyə və Ermənistanda 25 yaşa çatmış şəxs parlamentə seçilə bilər.
Qərb ölkələrinə baxsaq, Almaniya Konstitusiyası parlamentin deputatı seçilmək yaşını 18 müəyyən edib. ABŞ-da Konqresin aşağı palatası üçün 25, yuxarı palatası üçün 30 yaş senzi var.
Bu ölkələrin parlamentlərində təmsil olunmaq üçün ali təhsil tələbi qoyulmur. Belə ənənə haradan gəlir? Azərbaycanda deputat seçilmək üçün ali təhsil tələbi qoymaq lazımdırmı?
Hüquqşünas Ənnağı Hacıbəyli Novator.az-a deyib ki, Azərbaycanda deputat üçün müəyyən edilən yeni yaş senzi məqsədəuyğun deyil: “Parlament ali qanunverici orqandır. Azərbaycanda 18 yaşında qanunvericilik prosesində iştirak edə biləcək neçə gənc var? Deputat üçün 25 yaş senzi və ali təhsil tələbi olmalıdır ki, onun qanunvericilik sahəsində biliyi, təcrübəsi, səriştəsi formalaşsın.
Bütün ölkələrin parlamentlərində fərqli peşə sahibləri var. Amma normal demokratik ölkələrin ali qanunverici orqanında əksər üzvlər hüquqşünas və iqtisadçıdır. Ölkənin sosial-iqtisadi inkişafını hüquq nizama salır. Parlamentdə nə qədər çox hüquqşünas olsa, qanunvericiliyin keyfiyyəti o qədər yüksələr.
Bizdə bütün qanunlar Prezident Administrasiyasında hazırlanıb Milli Məclisə göndərilir, az qala müzakirəsiz qəbul olunur. Beynəlxalq təcrübədə qanun layihəsinin işlənib hazırlanmasına mütəxəssislər cəlb edilir, rəylər alınır. Parlamentdə əksəriyyət hüquqşünas olmalıdır ki, qanunların konstitusiyaya, normativ hüquqi aktlara uyğunluğunu, qanunvericiliyin inkişaf tendensiyalarını bilsin.
Son dövrlər təkcə inzibati cərimələrlə bağlı tətbiq olunan qaydalara diqqət edək: 10 manatlıq cərimə 30-40 manata yüksəlib. Əslində istər cinayət sanksiyası, istər inzibati, istərsə də mülki sanksiya kimi tətbiq edilən cərimələrin iqtisadi əsası olmalıdır. Sovet dövründə təsərrüfat əlaqələri zamanı müqavilə əsasında bir zavod digərinə mal verirdi, ya alırdı. Müqaviləni kim pozurdusa, o, SSRİ Nazirlər Sovetinin sanksiyaların həddi ilə bağlı qərarına uyğun olaraq müqavilə məbləğinin uzağı 20 faizi həcmində cərimələnirdi. Çünki məbləğin artıq olması zavodların müflisləşməsi ilə nəticələnə bilərdi. O zaman sanksiyalar müəyyən ediləndə onun hüquqi, iqtisadi, sosial, məntiqi, hətta riyazi əsasları işlənib hazırlanırdı.
İndi isə bununla bağlı qanunvericilikdə heç bir göstəriş yoxdur. Bəzən müqavilələrdə yazılır ki, tərəflərdən biri müqaviləni pozarsa, 300 faiz həcmində cərimə ödəməlidir. Hansı qaydaya görə? Cərimələrin əksəri iqtisadi əsas olmadan təyin edilib, heç bir qanunvericilik çərçivəsinə sığmır, büdcədən götürülən pulları sıravi insanların hesabına doldurmaq məqsədi daşıyır.
Bütün bunlar nədən irəli gəlir? Əgər parlamentə hüquq mütəxəssisi seçilsə, qanun layihəsi müzakirə olunanda onun iqtisadi əsasını şərh edər. Bu mənada deputatlıq iddiasına düşənlər peşəkar, yetkin, təcrübəli şəxslər olmalıdır. Hazırkı 18 yaş senzi hansısa siyasi məqsədlər üçün nəzərdə tutulmuş dəyişiklikdir”.
Avropa ölkələrinin qanunvericiliyində əksini tapan analoji vəziyyəti hüquqşünas bu cür şərh edib: “Almaniya kimi inkişaf etmiş ölkədə nadir hallarda 18 yaşlı şəxs deputatlığa namizədliyini irəli sürür. Demokratiyanın inkişaf mərhələləri var. Bunu keçən cəmiyyət düşünür ki, xalqın içindən bir-iki qeyri-adi istedad sahibi çıxa bilər, onlara hansısa məqamda məhdudiyyət yaranmasın deyə hüquqlarının təminatı üçün həmin müddəalar qanunvericiliyə salınır. Amma cəmiyyət kifayət qədər yetkin səviyyədədir və bilir ki, 18 yaşında şəxsin nadir hallarda deputatlığa iddia haqqı yarana bilər”.