Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 965.2.2-ci maddəsinin ana qanunun 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunu yoxlayaraq qərar çıxarıb. Novator.az-ın məlumatına görə, qərarda qeyd olunur ki, ombudsman Konstitusiya Məhkəməsinə sorğu verib: “Sorğuda göstərilib ki, Mülki Məcəllənin 965.2-ci maddəsində hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinmə ardıcıllığı sadalanıb. Məcəllənin 965.2.2-ci maddəsinə görə, ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir.
Sorğuda qeyd olunub ki, göstərilən maddədə “əməkhaqqı” ifadəsinin “işdənçıxma müavinətlərinin” ifadəsindən sonra yazılması, bu ifadəyə “və” bağlayıcısı ilə birləşməsi belə bir anlama əsas verir ki, həmin maddədə istifadə olunan “əməkhaqqı” ifadəsi “işdənçıxma” sözünə aiddir.
Bu isə sorğuverənin qənaətinə görə, əmək müqaviləsi ilə işləmiş şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsini nəzərdə tutduğu halda əmək müqaviləsi ilə işləyən şəxslərə əməkhaqqının ödənilməsini ehtiva etmir. Təcrübədə belə hüquqi qeyri-müəyyənliyin yaranması işləyən şəxslərin hüquqlarının effektiv müdafiəsinə mane olur və nəticədə sosial ədalət prinsipi pozulur.
Sorğuverən hesab edir ki, Mülki Məcəllənin 965.2.2-ci maddəsi əmək müqaviləsi ilə işləyən şəxslərə əməkhaqqının ödənilməsini ehtiva etmədiyindən konstitusiyanın 25-ci maddəsinin IV hissəsi, 35-ci maddəsinin VI hissəsi və 149-cu maddələrinin I və III hissələri ilə uyğunsuzluq təşkil edir”.
Konstitusiya Məhkəməsinin Plenumu qərar çıxarmaq üçün konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktların və əmək qanunvericiliyinin bəzi normaları nəzərdən keçirib: “Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.
Konstitusiyanın 25-ci maddəsinin I və III hissələrinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Konstitusiyanın 35-ci maddəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar konstitusiyaya zidd olmamalıdır”.
Beynəlxalq hüquqi aktlara, eləcə də Azərbaycanın Əmək Məcəlləsinə nəzər salan Konstitusiya Məhkəməsinin Plenumu belə bir qərar çıxarıb: “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından Mülki Məcəllənin 965.2.2-ci maddəsinin “əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi” müddəası əmək müqaviləsi ilə həm işləyən şəxslərə, həm də işdənçıxmış şəxslərə müavinət və əməkhaqqının ödənilməsini nəzərdə tutur”.
Qərarda qeyd olunur ki, Mülki Məcəllənin 965.2.2-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsi, 35-ci maddəsinin VI hissəsi və 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.