“Manatı ucuzlaşdıran amillər getdikcə fəallaşır”. Novator.az-ın məlumatına görə, iqtisadçı ekspert Qubad İbadoğlu bu qənaətdədir. Ekspert manatın dəyərinə təsir edəcək bir neçə amilə diqqət çəkərək yazır: “Birincisi, “Bank Standard” bağlanan zaman aparılan qiymətləndirmələrə əsasən, fiziki şəxslər 568 milyon manat qorunan əmanətlərə malik olub və sonuncunun 460 milyon manatını kompensasiya olunan əmanətlər təşkil edib.
Qorunan əmanətlərin 62 faizi və ya 285 milyon manatı dollarla yerləşdirilib, yerdə qalan 175 milyon manatı isə milli valyutadadır. Eyni müştərinin həm dollar və həm də manatda əmanəti olduğu halda bank onların borcları manatla qaytarılır. Bu o deməkdir ki, manatla verilən əmanətlərin məbləği 175 milyon manatdan çox olacaq. Həmin nağd vəsait valyuta bazarında dollara tələbatı qaldıracaq.
İkincisi, SOCAR-ın dollar istiqrazları dövriyyədə olan və valyuta bazarında manata dəyişdirilən vəsaitin həcmini aşağı salıb və dolların təklifini azaldıb.
Digər tərəfdən dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması siyasətinin davam edəcəyi halda Dövlət Neft Fondunun bazara əvvəlki ilə müqayisədə daha az valyuta çıxaracağı gözlənir. Bu isə valyuta təklifinin aşağı salınmasına ciddi təsir göstərəcək, digər başqa amillərin də manatın ucuzlaşmasına təsirlərini gücləndirəcək.
İlin sona yaxınlaşması ilə əlaqədar şirkətlərin, bankların və dövlətin xarici borc öhdəliklərinin icrasına yönəldəcəyi valyuta vəsaitlərinin həcmindəki artım da dollara tələbatı artıracaq.
Nəhayət, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin noyabrın 1-2-də gözlənən toplantısında uçot dərəcəsini artırma ehtimalı manata psixoloji təzyiqləri yüksəldəcək”.
2016-cı ildə ABŞ dollarının ən yüksək rəsmi qiyməti marta təsadüf edib. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub. Sentyabrın 7-dən 9-dək dollar yenidən 1 manat 64 qəpik həddini keçərək 1,6403 manata təklif olunub. Bu yüksəlişdən sonra dollar bir az ucuzlaşıb, amma oktyabrın 19-dan Mərkəzi Bank yenidən kursu qaldırır. Oktyabrın 25-də Mərkəzi Bank dolları 1,6211 manata təklif edir.