Bu il martın 1-də prezident İlham Əliyev 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.
İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.
Oktyabrın 24-də İqtisadiyyat Nazirliyi ixracatçılara bununla bağlı müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, qeyri-neft məhsullarının ixracatçıları ixrac təşviqinin əldə edilməsi üçün Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydaya uyğun olaraq İqtisadiyyat Nazirliyinə üz tuta bilərlər. İxrac təşviqinin alınması üçün İqtisadiyyat Nazirliyinə bu sənədlər təqdim edilməlidir:
– ərizə (ərizə forması);
– ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti;
– Azərbaycan Respublikasının gömrük orqanlarında təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti;
– qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri;
– xarici dövlətin gömrük orqanında təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti;
– ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin ixracatçının xarici valyutada Azərbaycan Respublikasındakı bank hesabına köçürülməsini təsdiq edən müvəkkil kredit təşkilatının sənədi (tarixi, mədaxil tarixi, ödənilən təşkilatın adı, məbləği);
– qeyri-neft məhsulunun Azərbaycan mənşəli olmasını göstərən mənşə sertifikatının surəti.
Sənədlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Neftçilər prospekti, 32, Bakı Biznes Mərkəzi) qəbul olunur.