AZƏRTAC prezident İlham Əliyevin oktyabrın 25-i Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes forumundakı çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur: “Regionumuzdakı dövlətlərə milyardlarla ölçülən sərmayələr qoyulub. Eyni zamanda Xorvatiyanın yerləşdiyi regiona, Avropanın müxtəlif ölkələrinə SOCAR, Dövlət Neft Fondu və digər özəl şirkətlərimiz sərmayələr yatırıb. Bu sahədə də imkanlar nəzərdən keçirilməlidir.
Digər sahələrdən biri bizim şirkətlərin Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirakı ola bilər. Biz xorvat şirkətlərini buraya dəvət edə bilərik. Bu gün demək olmaz ki, o qədər çox xorvat şirkəti Azərbaycanda fəaliyyət göstərir. Amma bu sahədə dinamik inkişafı nəzərə alsaq, biz böyük məmnuniyyətlə xorvat şirkətlərini buraya dəvət edərdik.
Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır. Bildiyiniz kimi, biz geniş çeşiddə kənd təsərrüfatı məhsullarını ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri də müzakirə edilə bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələlər var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə sahələri və şirkətlərimizin Xorvatiyada layihələrdə iştirakı bizim üçün olduqca çox maraqlıdır.
Enerji siyasəti ilə bağlı bir neçə məqamı diqqətinizə çatdırıram. Çünki bu, birgə gündəliyimizə daxil olan məsələdir. Azərbaycanla Xorvatiya arasında anlaşma memorandumu imzalanıb. Bu sahədə “Cənub” qaz dəhlizinin genişləndirilməsi, İon və Adriatik dənizləri arasında kəmərin inşası Azərbaycana imkan yaradacaq ki, biz xorvat bazarına, eyni zamanda geniş Balkan bazarına daxil ola bilək və həmin ölkələr də Azərbaycandan təbii qaz alaraq, yeni mənbə əldə etsinlər”.
Azərbaycanda ümumi vəziyyətdən söz açan prezident deyib: “Neftin qiymətinin kəskin şəkildə düşməsi bizim gəlirlərimizi azaldıb. Eyni zamanda biz builki büdcəmizdə neftin bir barrelinin qiymətini 25 dollar səviyyəsində təsbit etmişik. Bu gün artıq qiymət iki dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal ziyanla çıxacağıq. Bildiyiniz kimi, bizim şaxələndirmə siyasətimiz var. Uzun illərdir bunu həyata keçiririk. Bunun sayəsində məhz neft bizim ümumi daxili məhsulumuzun 33 faizini təşkil edir. Biz ümumi daxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Biz bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. Biz istərdik ki, Avropa bazarlarına qeyri-neft sahəsinə aid, rəqabət qabiliyyətli məhsullarla daxil olaq.
Azərbaycanda çox münbit sərmayə mühiti var. Bildiyiniz kimi, biz postsovet məkanında ümumi daxili məhsulun adambaşına düşən göstəricilərinə görə birinci yerdəyik. Bu günə qədər Azərbaycana 200 milyard dollar sərmayə yatırılıb ki, onun yarısı xarici sərmayədir. Bu gün Avropada, dünyanın digər bölgələrində böhrana baxmayaraq biz yenə də neft-qaz sahəsinə və digər sahələrə sərmayələr yatırmaq iqtidarındayıq.
Biz işsizliyi kəskin şəkildə azalda bilmişik. Bu gün bu rəqəm 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində ölkədə yoxsulluq da 5 faizə enib. Biz böyük həcmdə qızıl və valyuta ehtiyatlarını toplamağa müvəffəq olmuşuq. Neftin qiyməti kəskin aşağı düşəndə biz bunun sayəsində müəyyən manevr qabiliyyəti əldə etmişik.
Ümumiyyətlə, ölkəmizdə iqtisadi artımla bağlı çox müsbət ab-hava var. Biz qonşularımızla olduqca fəal şəkildə çalışırıq. Müxtəlif nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində biz qlobal nəqliyyat qovşağına çevriləcəyik.
Hazırda Azərbaycandakı mövcud sərmayə mühiti, bütün sərmayələr qorunur. Ölkəmizdə olduqca sabit iqtisadi vəziyyət var. Neftin qiyməti ilə bağlı böhrana baxmayaraq bu yaxşı göstəricidir ki, siz bu gün də Azərbaycana inamla sərmayə yatıra bilərsiniz. Azərbaycan özünü təmin edən, öz ehtiyatlarına arxalanan və davamlı inkişafı bərqərar edən ölkədir. Biz neftin qiymətlərini unutmaq əzmindəyik.
Ölkəmizdə yaxşı inkişaf var, amma görüləcək işlər də çoxdur. Mən prezident olaraq ölkəmizdə xorvat sərmayələrini daha çox görmək istərdim”.