“Hökuməti idarə edənlər ölkənin inkişafına yönələn vəsaitdən kəsib özlərinin sosial təminatına yönəldirlər”. Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu belə yazır.
Ekspert büdcə rəqəmlərinə əsaslanaraq qeyd edir ki, bu il dövlətin idarəetmə xərcləri 60 faizdən çox artıb: “Hazırda hökumətin qarşısında duran başlıca hədəf çevik və rasional idarəetməni, səmərəli dövlət tənzimləməsini, yetkin bazar münasibətlərini qurmaq, rəqabəti və innovativ fəaliyyəti dəstəkləmək yoluyla milli iqtisadiyyatın strukturunu təkmilləşdirmək və ixrac yönlü qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Lakin statistika göstərir ki, hökumət yenə israfçılıqla məşğuldur. Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, 2016-cı ilin yanvar-sentyabr aylarında ümumi dövlət xidmətləri xərcləri ötən illə müqayisədə 60,1 faiz çox icra olunub. Nəticədə 2016-cı ilin 9 ayında ümumi dövlət xidməti üzrə xərcləmələr ötən ilə nisbətən 607 milyon manat çox olub. Ötən ilin 9 ayında bu məqsədlə 1 milyard 9 milyon manat xərclənmişdi, bu ilin yanvar-sentyabr aylarında xərcləmələr 1 milyard 616 milyon manata çatıb. Beləliklə, 2016-cı ilin 9 ayında büdcə vəsaitlərinin 17,3 faizi və ya hər 5 manatdan 1 manata qədəri ümumi dövlət xidmətləri xərclərinin maliyyələşdirilməsinə yönəldilib.
Artımın struktur təhlili göstərir ki, onun 10 faizə qədəri beynəlxalq təşkilatlara üzvlük haqqı üzrə manatla ifadə olunan maliyyə öhdəliklərinin çoxalmasına görədir, eləcə də artımdan məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına cüzi pay düşüb, lakin ondan ən çox bəhrələnən mərkəzi və yerli icra hakimiyyəti qurumları və qanunvericilik hakimiyyəti olub.
Çox təzadlıdır. Maliyyə çətinliyi ilə qarşılaşan, buna görə də inkişaf yönlü istiqamətlərə vəsait ayrılmasını kəskin ixtisar edən, əhaliyə “kəmərlərinizi sıxın” mesajları verən, bahalı “Mersedes”dən düşüb ucuz “NAZ-Lifan”a minən hökumət nədən ümumi dövlət xidməti funksional xərc maddəsinə keçən ilə nisbətən 60 faizdən çox vəsait ayırır? Əksinə, baş verənlər bu xərc maddəsi üzrə azalmanı şərtləndirməli idi, çünki yeni yaranan strukturlar köhnələrin ləğvinə gətirib çıxarmışdı. Yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının yaranması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Sığorta Nəzarəti Xidmətinin və Maliyyə Monitorinqi Xidmətinin ləğvini şərtləndirib, bəs onda nədən belə struktur dəyişikliklərinin nəticəsi büdcədə görünmür?
Büdcədə əksər xərclərin ixtisar olunduğu dövrdə idarəetmə aparatının saxlanması xərclərinin 60 faizdən çox artması hökumətin struktur islahatları və qənaət rejiminə keçidlə bağlı bəyanatlarına kölgə salır. Əslində idarəetmədə struktur islahatları və qənaət rejiminə keçidin ilkin nəticələri özünü büdcənin idarəetmə xərclərinin azalmasında təcəssüm etdirməlidir. Ancaq büdcə rəqəmləri göstərir ki, hökuməti idarə edənlər iqtisadi böhran dövründə izafi xərclərini ixtisar etmək əvəzinə onu artırırlar, bir sözlə, ölkənin inkişafına yönələn vəsaitdən kəsib özlərinin sosial təminatına yönəldirlər. Deməli, ölkədə qənaət rejiminə keçidlə bağlı deyilənlər daha çox siyasi bəyanatlar üçündür, yalnız təbliğat xarakteri daşıyır. Əgər belə olmasaydı, bu ilin 9 ayında ötən ilə nisbətən ümumi dövlət xidmətinə 60,1 faiz çox, iqtisadiyyatın maliyyələşdirilməsinə 62 faiz az vəsait ayrılmazdı”.