“Rusiyanın da, elə onun bütün dostlarının da bəxti çox gətirib”
Novator.az prezident İlham Əliyevin “Sputnik Azerbaydjan”a müsahibəsinin bəzi məqamlarını təqdim edir. “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyovun götürdüyü müsahibənin mətnini AZƏRTAC yayıb.
Neft və ümumiyyətlə karbohidrogenlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. İndi itkilər çoxdurmu? Qiymətlərin düşdüyü şəraitdə Azərbaycanın strategiyası nədən ibarətdir? Bu strategiyanın xüsusiyyəti nədir?
– Biz uzun illər boyu neftdən asılılığı azaltmağa çalışmışıq və müəyyən dərəcədə buna nail olmuşuq. Biz özümüzü əmtəələrlə, ərzaqla praktiki olaraq tam təmin edirik. Biz ərzaq mallarının ixracatçısıyıq, odur ki, kənd təsərrüfatının, regional infrastrukturun, turizmin inkişafına çox böyük sərmayə qoymuşuq, buna görə də neftdən asılılığımız ciddi şəkildə azalıb. Bir rəqəm göstərim: bizim ümumi daxili məhsulun tərkibində neft 30 faizdən bir qədər çoxdur, lakin o, bizim ixracın əsas hissəsini təşkil edir. Bu gün başlıca vəzifə ixracı şaxələndirmək və bazarlara rəqabət qabiliyyətli məhsullarla çıxaraq neftin qiymətinin düşməsinə görə üzləşdiyimiz valyuta itkilərimizin yerini doldurmaqdır. Bu itkiləri hesablamaq asandır. Əgər neftin qiyməti üç dəfə aşağı düşürsə, – hərçənd ilin əvvəlində dörd dəfə düşən vaxtı da olub, – təbii ki, gəlirlərimiz də bir o qədər azalır. Biz bu ilin büdcəsini yenidən nəzərdən keçirməklə bir barrel üçün 25 dollar qiyməti ilə hesablamışdıq və beləliklə, bu ili profisitlə başa vururuq. Gələn il 40 dollar nəzərdə tutacağıq. Güman edirik ki, neftin qiyməti bundan aşağı düşməməlidir, ona görə də bu, bizim üçün prinsipcə əlavə çətinliklər yaratmır.
İxtisar etdiyimiz yalnız dövlət investisiya layihələridir. Bu, bəlkə də yaxşılığa doğrudur, çünki investisiyalar hədsiz çox idi və tələbat da həddən artıq idi. Bilirsiniz, pul çox olanda müxtəlif dövlət strukturlarından sifarişlər də çox gəlir. Buna görə neft qiymətlərinin bu böhranı bizi hətta bir qədər sağlamlaşdırdı, özümüzə gətirdi və göstərdi ki, vəsaitləri çox qənaətlə xərcləmək lazımdır. Biz belə də edirik.
– İndi, noyabrın 30-da OPEK-in gözlənilən qərarları ərəfəsində Azərbaycan üçün nə daha yaxşıdır: neft hasilatının azaldılması, yoxsa indiki səviyyədə dondurulması? Bəlkə kvotalar tətbiq edilməsi, yaxud daha nə isə?
– Bilirsiniz, nəyin böyük səmərə verəcəyini demək və proqnozlaşdırmaq çətindir. Başlıcası, hədəfin nədən ibarət olmasıdır. Bu gün biz belə hesab edirik ki, həm istehsalçılar, həm də istehlakçılar sabitləşməyə, yəni artıma can atırlar. Çünki neftin qiymətinin aşağı olması istehlakçılara da zərbə vurub. Xüsusən iri, inkişaf etmiş dövlətlər belə sifarişlər üçün çoxlu pul ödəməyə vərdiş etmiş ölkələrdə öz sifarişlərini daha az yerləşdirməyə başlayıblar, yəni onların iqtisadiyyatı zərər çəkib. Əlbəttə, bu gün neftdən çox asılı olan neft hasil edən ölkələrin iqtisadiyyatları da ziyan çəkir. Buna görə də sabitləşdirmənin əsas amili OPEK üzvü olan ölkələrlə OPEK-in üzvü olmayan böyük ölkələr arasında vahid siyasət barədə razılaşma olardı. Hadisələrin inkişafından görünür ki, hamı buna yaxınlaşır. Düşünürəm ki, belə olmalıdır, lakin gərək bütün tərəflər maksimum səmimi, vicdanlı olsun və qəbul edilmiş qərarlar olarsa, onların yerinə yetirilməsinə təsirli nəzarət mexanizmi olsun.
Neft aləmində ümumi əhval-ruhiyyə neftin qiymətinin artırılaraq 60, bəlkə də 70 dollara çatdırılmasına köklənib. Məncə, bu, hamı üçün sərfəli olardı: həm şirkətlərə – bu, onlara sərmayə yatırmağa imkan verərdi, həm istehsalçı ölkələrə – onlar müxtəlif layihələr üçün vəsait əldə edə bilərdi, həm də istehlakçılara – onlar nəticə etibarilə indi məhrum olduqları sifarişlərin yerləşdirilməsi hesabına qazanardılar.
– Dünyada iki tendensiya arasında mübarizə gedir: biri dağıdıcı – “parçala və hökm sür” tendensiyası, digəri isə ölkələri birləşdirməyə və biri digərini tamamlayan sülh konstruksiyaları yaratmağa can atan tendensiyadır. Avrasiya İqtisadi İttifaqı belə konstruksiyalardan biridir. Azərbaycan bu ittifaqa qoşulmağı planlaşdırırmı?
– Bu mövzuda həm ekspert birliklərində, həm də müxtəlif ölkələrin siyasi elitaları arasında çoxdan söhbət gedir. Mən belə deyərdim: bu gün biz indiki vəziyyətdə özümüzü prinsipcə kifayət qədər inamlı hiss edirik. Azərbaycanın xüsusən iqtisadi sahədə, elə siyasi sahədə də 25 illik inkişafının yekunu buna əyani misaldır. Son on üç ildə biz ÜDM-in həcmini üç dəfə artıra bilmişik, yoxsulluq səviyyəsini 2003-cü ildəki 49 faizdən bu il 5 faizə endirə bilmişik. Əslində, bizdə yoxsulluq sosial hadisə kimi artıq yoxdur. Eyni sözlər işsizliyə də aiddir – 5 faiz, bizim böyük valyuta ehtiyatlarımız var – hətta neftin qiymətinin düşdüyü bu il də biz Neft Fondunun valyuta ehtiyatlarını toplayırıq. Bu ehtiyatlar artır, çünki biz qənaətlə xərcləyirik və qazancımız artıq neftin hesabına deyil. Buna görə də həm iqtisadi, həm də siyasi vəziyyətimiz bizi qane edir.
O başqa məsələdir ki, dünya dəyişir. Yeni təhlükələr, yeni təhdidlər yaranır, biz hər şeyin necə od tutub yandığını, sabitliyin pozulmasının yeni mənbələrinin, yeni potensial risk mənbələrinin yarandığını görürük. Əlbəttə ki, bu şəraitdə çox şey ənənəvi tərəfdaşlarla sıx qarşılıqlı əlaqələrdən asılıdır. Bu gün Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrlə bizim iqtisadi əməkdaşlığımızın, elə siyasi əməkdaşlığımızın da formatı kifayət qədər möhkəmdir. Əlbəttə, inteqrasiya yolu ilə getmək üçün motivasiya lazımdır. Bu, iqtisadi, sosial, siyasi və hər hansı başqa motivasiya ola bilər. İndi biz bu istiqamətdə işləyirik. Sözsüz, heç kəs üçün sirr deyil ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrdən böyük qonşumuz Rusiya bizim üçün prioritet tərəfdaşdır. Avrasiya İqtisadi İttifaqının üzvü olan bütün başqa ölkələrə nisbətən Rusiya ilə əmtəə dövriyyəmiz daha çoxdur və qarşılıqlı münasibətlərin, qarşılıqlı etimadın səviyyəsi çox yüksəkdir. Rusiya ilə istər siyasi, istərsə də sosial-iqtisadi baxımdan heç bir problemimiz yoxdur.
Biz Avrasiya məkanında proseslərin necə cərəyan etdiyini maraqla müşahidə edirik, çünki orada da hər şey rəvan deyil. Yəni orada da özünəməxsus çətinliklər və müəyyən dərəcədə iradlar var. Buna görə də biz hamımız təhlil aparmalı, inteqrasiya etməliyik…
Azərbaycanın davranış üslubu şikayətlənməmək, problemlərini özü həll etmək və belə demək mümkündürsə, xarici bazara yalnız müsbət cəhətləri çıxarmaqdır. Buna görə də necə tendensiyalar yaranacağına hələ baxmaq lazımdır, əlbəttə, əgər ittifaq cəlbedici olarsa, oraya can atanlar çox olacaq. Buna görə də heç nəyi istisna etmək olmaz, lakin indiki mərhələni mən məhz bu cür səciyyələndirərdim.
– Sizin dediyiniz kimi, “ətrafda hər şey od tutub yanır”. Əlbəttə, Siz yəqin ki, radikal islam təhlükəsini də nəzərdə tuturdunuz. Azərbaycan bu təhlükəni öz üzərində nə dərəcədə hiss edir?
– Mən belə deyərəm: bizim ölkənin daxilində bu baxımdan təhlükə yoxdur. Bizim cəmiyyət milli ideya ətrafında sıx birləşib. Bu ideya bizim dəyərlərin prioritetindən, multikulturalizmin inkişafından ibarətdir. Yeri gəlmişkən, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bizim cəmiyyət Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, həmçinin müstəqilliyimizin möhkəmlənməsi, bütün iqtisadi və sosial məsələlərin həlli ideyası ətrafında birləşir. Buna görə də bizdə radikallara yer yoxdur: istər iqtisadi, istərsə də sosial baxımdan bu cür baza yoxdur. Çünki praktiki olaraq yoxsulluq yoxdur. Onlar haradan özlərinə tərəfdarlar toplayır? Onlar əsasən yoxsul təbəqələrdən toplayır. Azərbaycanda savadlılıq yüz faizdir. Yenə də, radikalları haradan toplayırlar? Savadsız kütlədən. Çünki belə mühit yoxdur.
– Siz Azərbaycanın milli ideyası barədə danışarkən onun bir hissəsi kimi ərazi bütövlüyünün bərpasını xatırladınız. İndi biz çox ağrılı olan Dağlıq Qarabağ mövzusuna yaxınlaşdıq. Hamı kompromis arzusundadır. Kompromis mümkündürmü və hansı şərtlərlə mümkündür?
– Bilirsiniz, kompromis deyəndə nə nəzərdə tutulduğunu və hansı tərəfin onu necə yozduğunu dəqiq anlamaq lazımdır. Nə etmək lazım olduğunu demək üçün nə baş verdiyini bilmək lazımdır: əgər tarixi götürsək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həmişə belə olub. Biz erməni əhalinin İrandan, Şərqi Anadoludan bu torpaqlara kütləvi şəkildə köçürülməsinin tarixini bilirik. Bütün tarix, bütün toponimlər, o cümlədən Qarabağ sözünün özü də Azərbaycan mənşəlidir. Sovet illərində orada artıq köçürülmüş erməni əhali olması ilə əlaqədar muxtar vilayət yaradılmışdı, bu, heç respublika da deyildi, onun Ermənistanla inzibati sərhədi yox idi və hər şey normal idi, həyat öz axarı ilə gedirdi, ciddi problemlər yox idi. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə Dağlıq Qarabağ Azərbaycanın bir sıra başqa regionlarını qabaqlayırdı, yəni oraya diqqət yetirilməməsi barədə danışmaq ədalətsizlik olardı. Xüsusən ona görə ki, bu cür muxtariyyətlərə mərkəzi hakimiyyət orqanları da xüsusi münasibət bəsləyirdi.
Lakin Sovet İttifaqının dağılması ərəfəsində orada separatçı meyllər üstünlük təşkil etdi, bütün bunlar qan tökülməsi ilə nəticələndi. Azərbaycanlıları əvvəlcə Dağlıq Qarabağdan qovdular, orada təxminən 30 faiz azərbaycanlı vardı. Sonra Azərbaycanın Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonunu işğal etdilər, həmin rayonlarda yalnız azərbaycanlı əhali yaşayırdı, orada hər şey dağıdıldı. ATƏT oraya iki dəfə faktaraşdırıcı missiya göndərdi, onların hesabatı lap dəhşətlidir: orada bircə bina da salamat qalmayıb, qəbiristanlıqlar, məscidlər hamısı yerlə-yeksan edilib. Dağlıq Qarabağ hüdudlarındakı ərazilərdən 750 min, Dağlıq Qarabağdan 40 mindən çox, Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə yoxsul ölkədə 1 milyon qaçqın vardı.
Praktiki olaraq bütün beynəlxalq təşkilatlar düzgün qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində erməni işğalçı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb edilir. Lakin 20 ildən çoxdur ki, bu qətnamələr icra edilmir. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – hamısının mövqeyi identikdir: beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan da daxil olmaqla dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı tanımır. Bütün bunlar belədir, lakin məsələ həll edilmir. Bunun nə üçün həll edilməməsinin əsas səbəbi odur ki, Ermənistan həll olunmasını istəmir. Çünki həll etmək Ermənistanın zəbt etdiyi ərazinin işğaldan azad olunması deməkdir. Ermənilər bunu etmək istəmirlər, onlar status-kvonu dəyişməz saxlamaq istəyirlər. Hərçənd nizamlanma ilə məşğul olan Minsk qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransa – bu ölkələrin prezidentləri şəxsində dəfələrlə deyiblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Lakin təəssüf ki, məsələ bu cür bəyanatlardan uzağa getmir.
Biz münaqişənin həllini necə görürük: əlbəttə, Azərbaycanın ərazi bütövlüyü diskussiya mövzusu deyil və ola da bilməz. Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət – biz münaqişənin nizamlanmasını belə görürük. Bu, bizim hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə həmahəngdir. Lakin münaqişənin nəyə görə nizamlanmamasının əsas səbəbi odur ki, Ermənistan artıq 24 ildir, Minsk qrupu yaradıldığı andan danışıqlar prosesinin azacıq da olsa irəliləməsinə müxtəlif yollarla mane olur.
Bizim mövqeyimiz belədir ki, insanlar harada yaşayırdısa, orada da yaşamalıdırlar. Çünki onlar həmin yerlərdə çoxdan yaşayırdılar – erməni əhalisi 200 il, azərbaycanlı əhali isə çox-çox əvvəl. Lakin məsələ hətta bunda da deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi. Onların hamısı oradan qovulub. Onların evləri ya zəbt edilib, ya da dağıdılıb. İndi onların evlərində başqaları yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq Qarabağın erməni əhalisi orada necə yaşayırdısa, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Bəs Ermənistan bu münaqişədən nə qazanıb? Bəli, bir milyon azərbaycanlıya əzab-əziyyət verilib. Lakin məgər onlar özləri buna görə daha da xoşbəxt olublarmı? Məgər orada vəziyyət daha təhlükəsiz, daha firavan olub? Əlbəttə, yox. Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə isə ola bilər. Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir. Fərq, bax, bundadır.
– Yəni, kompromis və sülhə doğru yol bundan ibarətdir?
– Sözsüz, biz bundan artıq kompromis təqdim edə bilmərik. Artıq dediyim kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə, Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu çox yaxşı bilir, sadəcə onlar ictimai rəylə manipulyasiya edir, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edir, məsələni elə təqdim edirlər ki, guya Azərbaycan erməni əhalini az qala məhv etmək və ya qovmaq istəyir. Bu, belə deyil.
– Nəyə ümid etmək olar? Real danışıqların nə vaxt başlana biləcəyi barədə oriyentirlər varmı, hansısa yol xəritəsini təsəvvür etmək olarmı, indi bu iş necə görülür? Hansısa zaman mərhələlərini göstərmək olarmı?
– Bu, bizdən asılı deyil. Hər şey mənim dediklərimə gəlib çıxır. Danışıqlar formatı var, danışıqlar aparılır, Ermənistan hər vasitə ilə buna mane olur. Müəyyən mərhələdə elə şərtlər irəli sürür ki, onların bizim üçün qeyri-məqbul olduğunu dəqiq bilir. Buna görə də danışıqlar yenidən non-stop olur. Nə üçün? Çünki həll etmək istəmirlər, ya bacarmırlar, hansısa daxili siyasi səbəblərə görə cəsarətləri çatmır, ya da istəmirlər. Bəlkə də hər iki səbəbdən. Vasitəçilər, dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bizə deyirlər: məsələni sülh yolu ilə həll etmək lazımdır.
– ATƏT-in beynəlxalq qrupunun iştirakçı ölkəsinin dövlət katibi Con Kerri bu yaxınlarda dedi ki, bu münaqişənin həllinin vaxtı hələ yetişməyib. Bu, nə deməkdir?
– Bu, ümumiyyətlə, diplomatik kazusdur və bizim Xarici İşlər Nazirliyi, o cümlədən də mən bu yersiz bəyanata artıq münasibət bildirmişik. Elə oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında bu bəyanatla bağlı yetərincə dəqiq fikir bildirdim. Mən dedim ki, münaqişənin nizamlanmamasına görə təqsiri Azərbaycanın üzərinə atmaq ən azından vicdansızlıqdır. Axı bu bəyanat ABŞ-ın mövqeyinə tamamilə ziddir. Prezident Obama Fransa və Rusiya prezidentləri ilə birlikdə bəyan edib ki, status-kvo qəbuledilməzdir. ABŞ-ın dövlət katibi isə bəyan edir ki, o, nizamlanmanı görmür. Üstəlik, o deyir ki, bu münaqişəni həll etmək Fələstin-İsrail münaqişəsindən də çətindir. Bu, nə eyhamdır və kimə ünvanlanıb? O, Ermənistana işarə edir ki, Fələstin-İsrail münaqişəsi neçə il uzanırsa, siz də bu münaqişəni o qədər uzatmalısınız? Bu, tamamilə qəbuledilməz bəyanatdır. Bu bəyanat bir daha göstərir ki, münaqişə nə üçün həllini tapmayıb. Bax, buna görə. Ona görə ki, beynəlxalq təşkilatların qərarları, qətnamələri var, amma onlar yerinə yetirilmir. Təcavüzkar ölkəyə təzyiq göstərilmir, əksinə, çox vaxt təcavüzkarın dəstəklənməsi siyasəti yürüdülür. Bunu da XX əsrin tarixi yaxşı bilir, əlbəttə, həmin miqyasda olmasa da, mahiyyəti təqribən eynidir. Bax, problemimiz bundadır.
Bizə deyirlər ki, sülh yolu, yalnız və yalnız sülh yolu, sülh yolundan başqa heç nə. Biz deyirik, yaxşı, gəlin həll edək, axı bu, ədalətsizlikdir. Başqa dövlətin ərazisini zəbt etmək və oradan əhalini qovmaq, həmin işğal olunmuş ərazini nəzarət altında saxlamaq bütün beynəlxalq hüquqların pozulması deməkdir. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycan Ordusu bir çox məsələlərin həlli üçün ciddi potensiala malikdir. Bizə deyirlər sülh yolu, biz deyirik, yaxşı, biz gözləyirik. Amma təcavüzkara təzyiq göstərilməsi əvəzinə biz bu cür bəyanatlar eşidirik.
– Ölkə konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı çoxları soruşur ki, prezident seçkilərinin müddəti dəyişdiriləcəkmi, Siz seçkilərə gedəcəksinizmi?
– Xeyr, bizim prezident seçkilərinin müddətini dəyişmək niyyətimiz yoxdur. Mən həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda hansı söhbətlərin getdiyini bilirəm. Belə planımız yoxdur. Mən buna ehtiyac görmürəm. Mənim iştirak edib-etməməyimə gəlincə, növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticə çıxarmaq, yaxud qərar qəbul etmək üçün hələ kifayət qədər vaxt var. Əgər mən bugünkü kimi əhalinin dəstəyini hiss etsəm, onda əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam.
– İndi bütün dünyada Rusiya prezidentini iblis kimi qələmə verirlər: nə bilim, cizgi filmlərindən tutmuş cürbəcür uydurmalara qədər bütöv texnologiya işlənib və buna yönəlib. Siz Vladimir Vladimiroviç Putinlə sadəcə tanış olmayıb, həm də bildiyimə görə, onunla müntəzəm əlaqə saxlayan və öz siyasətini Rusiya siyasəti ilə razılaşdıran şəxslərdən birisiniz. Öz növbəsində Rusiya da öz siyasətini Azərbaycanla razılaşdırır. Elə bizim ölkələrimiz arasında və şəxsən Sizin aranızda dünyada çox ehtiyac duyulan dialoq var. Bir çox digər ölkələr arasında sadəcə elə bu çatışmır. Həm də Siz onunla çox mürəkkəb və münaqişəli mövzular barədə söhbət edirsiniz. Sizin prezident Putinlə şəxsi münasibətləriniz necədir və Siz onun necə insan olması barədə nə deyə bilərsiniz?
– Vladimir Vladimiroviçlə şəxsi münasibətlərim çox yaxşıdır, deyərdim ki, etimada əsaslanan yoldaşlıq münasibətləridir. Biz kifayət qədər çoxdan tanışıq. Mən onun Rusiya prezidenti kimi Azərbaycana ilk dəfə gəlişini xatırlayıram. Bu, 2001-ci ildə olmuşdu. Yeri gəlmişkən, bu, Rusiya prezidentinin Azərbaycana ilk rəsmi səfəri idi. SSRİ dağıldıqdan sonra Vladimir Vladimiroviçə qədər 10 il ərzində Rusiya prezidenti bir dəfə də olsun Azərbaycana gəlməmişdi. Bu səfər müstəsna əhəmiyyətə malik idi. O, müharibədə həlak olanların məzarlarını, Şəhidlər xiyabanını ziyarət etdi. Bu da Azərbaycan ictimaiyyətində çox müsbət qarşılandı. Mən onun atam Heydər Əliyevlə keçirdiyi görüşlərdə də qismən iştirak edirdim. Onlar arasında bildiyiniz kimi, yaxın münasibətlər var idi. Onlar əvvəlki işdə həmkar idilər, bir-birinə çox hörmətlə yanaşırdılar, lakin sonra mən prezident olanda bizim əlaqələrimiz müntəzəm xarakter daşımağa başladı. Dediyim kimi, münasibətlərimiz qarşılıqlı etimada əsaslanır.
Sizə bir misal çəkim: son 3 ildə Rusiya prezidenti Azərbaycana 3 dəfə səfər edib. Bunun özü çox mətləbdən xəbər verir. Lakin onun bir səfəri xüsusilə mühümdür – 2015-ci ildəki səfər. Bu, iyunun 12-də olmuşdu. Rusiya Günü ilə bağlı tədbirlərdən sonra o, təyyarəyə minərək Bakıya gəldi və Avropa ölkələri liderlərinin əksəriyyətinin, bizdə olan məlumata görə, müvafiq təlimatlar alaraq etinasızlıq göstərdiyi Avropa Oyunlarının açılışına özünü çatdırdı. Bu faktın özü, həm də Rusiya Günündə gəlməsi onun Azərbaycana və bizim Rusiyaya xüsusi münasibətimizdən xəbər verir.
Onun son səfəri avqustda olub: biz rəsmi görüşlərdən sonra bir neçə saat səmimi söhbət etdik. Bir insan kimi, o, böyük hörmətə layiqdir. Mən bunu sizə tamamilə səmimi deyirəm. Mən ona çox böyük hörmət bəsləyirəm, o, olduqca yüksək şəxsi keyfiyyətlərə malik, layiqli insandır. O, çox səmimi insandır, həmişə sözünün üstündə durur. O, böyük ölkənin, iki super dövlətdən birinin rəhbəridir, lakin bununla belə ünsiyyətdə çox sadə və çox səmimidir. Onunla işləmək mənim üçün çox rahat və asandır. Demək istəyirəm ki, Rusiyanın da, elə onun bütün dostlarının da bəxti çox gətirib. Mən bilirəm ki, bütün təzyiqlər və hücumlar ondan yan keçir. Buna görə də onların heç bir səmərəsi yoxdur və olmayacaq.