Mərkəzi Bank oktyabrın 21-i üçün ABŞ dollarının məzənnəsini 1,6090 manat müəyyən edib.
Dollar oktyabrın 19-dan yuxarı üz tutub. Həmin gün Mərkəzi Bank sentyabrın 9-dan bəri ilk dəfə dolları bahalaşdırıb, kurs 1,6 manat olub. Oktyabrın 20-də isə rəsmi kurs 1,603 manatdır.
2016-cı ildə dolların ən aşağı rəsmi qiyməti mayda qeydə alınıb: 1,49 manat. Ən yüksək rəsmi qiymət marta təsadüf edib, dollara 1,6456 manat qiymət qoyulub. Sentyabrın ilk ongünlüyündə dollar yenidən 1 manat 64 qəpik həddini keçərək 1,6403 manata təklif olunub. Həmin yüksəlişdən sonra ABŞ dolları ucuzlaşmağa başlayıb və proses oktyabrın 19-na qədər davam edib.
Məzənnədəki son dəyişiklikləri şərh edən iqtisadçı ekspert Samir Əliyev Novator.az-a deyib ki, manatın bahalaşmasının iqtisadi əsası yoxdur, onun məzənnəsi daha çox inzibati mexanizmlərdən istifadə edilməklə dəstəklənir: “Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında iyun ayından başlayaraq dollara tələbat yüksək olub. Buna səbəb bankların, xüsusən də Beynəlxalq Bankın borc öhdəliyi idi. Beynəlxalq Bankın dollara tələbatı 500-600 milyon dollara çatmışdı.
Sentyabrda Dövlət Neft Fondu Beynəlxalq Banka 500 milyon dollar vəsait qoydu və bununla da bankın tələbatı təmin edildi. Eyni zamanda Mərkəzi Bank və Neft Fondu hərraclara əvvəlki kimi 50 milyon dollar yox, bundan dörd-beş dəfə çox vəsait çıxarmaqla valyuta bazarında sabitlik yaratdı. Bu sabitlik konstitusiya referendumuna hesablanmışdı.
Ölkədə dollara tələbat yüksək olaraq qalır və tələbatın ödənilməsi müvəqqəti xarakter daşıyır. Ona görə dolların bahalaşması davam edəcək. İlin sonuna doğru manata təzyiq daha da artacaq və onun ucuzlaşmasını şərtləndirəcək”.
Novator.az-a danışan iqtisadçı Natiq Cəfərli də manatın ilin sonuna qədər ciddi dəyər itirə biləcəyini vurğulayıb: “Çünki həm bankların ciddi xarici borcları var, onları qaytarmalıdırlar, həm də yeni il qabağı idxal valyuta tələbatını artıracaq”.