Prezident İlham Əliyev Dağlıq Qarabağ bölgəsinə muxtar respublika statusu verilə biləcəyini deyib. Azərbaycanda muxtar respublika modeli var: Naxçıvan Muxtar Respublikası. Novator.az Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından seçmələri təqdim edir:
Maddə 2. Muxtariyyətin əsasları
I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.
II. Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı olan bütün digər məsələlər Naxçıvan Muxtar Respublikası tərəfindən həll edilir, o şərtlə ki, bu məsələlərin həlli Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətlərinə aid edilməyib.
III. Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinə aid edilən məsələlərin həllində o, Azərbaycan Respublikasının ümumi mənafeləri ilə bağlıdır.
Maddə 3. Hakimiyyətlərin bölünməsi
I. Naxçıvan Muxtar Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir;
icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;
məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.
II. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərirlər.
III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bu Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikası məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.
Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi
I. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
II. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir:
1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir;
2) Naxçıvan Muxtar Respublikası dövlət hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini təmin edir;
3) Naxçıvan Muxtar Respublikasının qanunlarını imzalayır və dərc edir;
4) Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;
5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;
6) Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarını yaradır;
7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları arasındakı dövrdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin fəaliyyətini təmin edir;
8) Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;
9) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir;
10) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir;
11) Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
12) ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
13) Naxçıvan Muxtar Respublikası prokurorunun, rayon, şəhər və ixtisaslaşdırılmış prokurorlarının vəzifəyə təyin və vəzifədən azad olunmasına dair təkliflər verir;
14) Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının hərbi doktrinasını həyata keçirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmiş birləşmələrinin komandan heyətləri haqqında təklif verir;
15) vətəndaşlıq məsələlərinə dair təklif verir;
16) əfv edilmə məsələlərinə dair təklif verir;
17) Təhlükəsizlik Şurasını təsis edir və ona rəhbərlik edir;
18) ümumi və qismən səfərbərliyin həyata keçirilməsini təmin edir;
19) vətəndaşların müddətli hərbi xidmətə çağırılmasının və müddətli hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçuların sosial müdafiəsinin təmin olunması tədbirlərinin həyata keçirilməsinə yardım edir;
20) Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilmiş fövqəladə və hərbi vəziyyət rejiminin həyata keçirilməsinə yardım edir, Naxçıvan Muxtar Respublikasında fövqəladə və hərbi vəziyyət elan olunması məsələsinə dair təklif verir;
21) Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təsis edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təklif verir;
22) Azərbaycan Respublikasının Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri icra qaydasında həll edir.
III. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş həddə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasını təmsil edir.
IV. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının dövlətçiliyinin varisliyini təmin edir.
V. Bu Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir.
Maddə 10. Naxçıvan muxtar dövlətinin rəmzləri
Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.
Maddə 23. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aktları
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə qanunlar və qərarlar qəbul edir.
II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasının Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir.
III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.
IV. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.
Maddə 24. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:
1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər;
2) Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusu;
3) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin statusu;
4) Azərbaycan Respublikasının iqtisadi və vergi siyasətinə uyğun olaraq vergilər;
5) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;
6) sosial təminat;
7) ətraf mühitin qorunması;
8) turizm;
9) səhiyyə, elm və mədəniyyət;
10) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.
II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.
Maddə 25. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:
1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;
2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;
3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;
4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi;
5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin təsdiqi;
6) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə etimad;
7) Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;
8) Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi;
9) bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərmanlarının təsdiqi;
10) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.
II. Bu maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar, qalan məsələlərə dair isə eyni qaydada qərarlar qəbul edilir.
Maddə 32. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətləri
I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri:
1) Ali Məclisin növbədənkənar sessiyalarını çağırır;
2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarına sədrlik edir;
3) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunmuş şəxsin namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
4) Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edir;
5) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı öz mandatından imtina etdikdə və qanunla müəyyən edilmiş digər hallarda onu deputat mandatından məhrum edir;
6) Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar qərar qəbul edir;
7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavinliyinə namizədlərin seçilməsi və Ali Məclisin sədr müavinlərinin vəzifədən azad edilməsi barədə Ali Məclisə təklif verir;
8) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aparatını təşkil edir və onun rəhbərliyini təyin edir;
9) bu Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilən digər məsələləri həll edir.
Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.
Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi
I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
Maddə 37. Naxçıvan Muxtar Respublikasının Baş naziri
Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikasının prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.
Maddə 39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:
muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
muxtar respublikanın büdcəsini icra edir;
muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.
Maddə 44. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi
I. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, Naxçıvan Muxtar Respublikasının ərazisində apellyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.
II. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətini təmin edir. O, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədrinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
1) Naxçıvan Muxtar Respublikasının qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu;
2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının qanunlarına uyğunluğu;
3) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına uyğunluğu.
IV. Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.
V. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
Maddə 45. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri
I. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir.
II. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Maddə 46. Naxçıvan Muxtar Respublikası Prokurorluğu
I. Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.
II. Naxçıvan Muxtar Respublikası Prokurorluğu ərazi prokurorlarının Naxçıvan Muxtar Respublikası prokuroruna və Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
III. Naxçıvan Muxtar Respublikası prokurorunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi əsasında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir.
IV. Ərazi və ixtisaslaşdırılmış prokurorları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikası Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və azad edir.
Maddə 48. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi
I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir.
II. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikası qanunvericilik sisteminə uyğundur.