Vergilər Nazirliyi Vergi Auditi və Operativ Vergi Nəzarəti İdarəsinin rəisi Toğrul Quliyevin müsahibəsini yayıb. Novator.az-ın məlumatına görə, Toğrul Quliyev deyib ki, 2015-ci ilin sonlarından sahibkarlıq subyektlərində yoxlamaların məhdudlaşdırılması və vergi nəzarəti tədbirlərinin sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün əlavə imkanlar verib: “2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı azdır. 2015-cı ilin yanvar-sentyabr ayları ərzində 58 min 574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66 min 527 akt tərtib edildiyi halda 2016-cı ilin eyni dövrü üzrə 12 min 735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilib və 14 min 567 akt tərtib edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 dəfə azalma deməkdir.
Operativ vergi nəzarəti tədbirləri zamanı cari ilin yanvar-sentyabr aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği keçən ilin ilk doqquz ayı ərzindəkinə nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 milyon manat təşkil edib”.
İdarə rəisi əlavə edib ki, bəzi hallarda yoxlamaların sayının azaldılmasından sui-istifadə nəticəsində vergidən yayınma hallarına yol verilir: “Bu hallar daha çox nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, əmək müqavilələri hüquqi qüvvəyə minmədən şəxslərin muzdlu işə cəlb edilməsi, gəlir və xərclərin uçotunun aparılmaması, satış məqsədilə mallar alınarkən rəsmiləşdirilmənin həyata keçirilməməsi zamanı baş verir.
Bu məqsədlə cari ilin aprel-sentyabr aylarında aparılmış vergi nəzarəti tədbirləri zamanı 18 vergi ödəyicisinin 398 nəfəri əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb etdiyi aşkar olunub. Toplanmış sənədlər əsasında cinayət işi başlanılıb.
Riskli hesab edilmiş 1148 vergi ödəyicisi üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4,7 dəfə azaldıldığı müəyyən olunub.
Aksizli malların istehsalı və satışı fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 23,7 min manat məbləğində 2,4 min ədəd saxta aksizli mal, 55,8 min manat məbləğində 16,7 min ədəd aksiz markası olmayan malların satışı halları aşkar edilib.
Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 312 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilib, protokollar tərtib edilərək məhkəmələrə göndərilib və məhkəmələrin tətbiq etdiyi inzibatı cərimələrin miqdarı 439,5 min manat təşkil edib”.