Oktyabrın 19-da prezident İlham Əliyev Ağstafa rayonuna səfər edib. Əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan dövlət başçısı sonra “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak edib.
AZƏRTAC bildirir ki, iki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir, ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyevə “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq “Venzana” mebel fabriki barədə də məlumat verilib. Mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. İnşaat işləri 2017-ci ilin dekabrında başa çatdırılmalıdır.
İlham Əliyev Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışına da qatılıb, Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Prezident “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak etdikdən sonra “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışına qatılıb. Dövlət başçısı burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.