Sülh və Demokratiya İnstitutu (rəhbəri Leyla Yunus – Niderlandda yaşayır), Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansı (koordinatoru Oqtay Gülalıyev) və Siyasi Məhbusların Monitorinqi Mərkəzi (rəhbəri Elşən Həsənov) oktyabrın 18-də siyasi məhbuslarla bağlı siyahı təqdim ediblər. Siyahıda 166 məhbusun adı yer alır.
Azadliq.org-un məlumatına görə, müəlliflər siyahının Avropa Şurası Parlament Assambleyasının 2012-ci ildə qəbul etdiyi meyarlar əsasında hazırlandığını bəyan ediblər.
Siyahıya jurnalist və bloqçular Əbdül Əbilov, Nicat Əliyev, Araz Quliyev, Rəşad Ramazanov, Seymur Həzi, Fikrət Fərəməzoğlu, Cavid Şirəliyevin adları salınıb.
Yazarlar bölümündə Tofiq Həsənli və Saday Şəkərlinin, hüquq müdafiəçiləri bölümündə vəkil Əliabbas Rüstəmovun adları var.
Gənc fəallardan İlkin Rüstəmzadə, Elvin Abdullayev, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman siyasi məhbuslar siyahısına daxil edilib.
Siyasətçilərdən İlqar Məmmədov, Zeynalabdin Bağırzadə, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Fuad Əhmədli və Faiq Əmirlinin adları siyahıdadır.
Siyahıya 120 nəfər dindar daxil edilib. İslam Partiyasının lideri Mövsüm Səmədov, teoloqlar Elşən Mustafaoğlu, Abgül Süleymanov, dini fəal Taleh Bağırov siyahının həmin bölümündədir.
“Siyasi girovlar” qrupunda beş nəfər var – AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov, Beynəlxalq Universitetin keçmiş rektorunun qohumu Mübariz Abdullayev, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilov, jurnalist Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovlar.
Keçmiş hakimiyyət nümayəndələri bölümündə sabiq səhiyyə naziri Əli İnsanovun, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı Asif Lətifovun və Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun adları var.
Siyahıya İsmayıllı hadisələri ilə bağlı mühakimə olunanlardan Vasif İbrahimovun da adı daxil edilib.
Ömürlük həbsə məhkum olunan bir neçə nəfər, keçmiş XTPD zabitləri, Qarabağda döyüşmüş “Qaranquş” dəstəsinin üzvləri, keçmiş baş nazir Surət Hüseynovun işi üzrə mühakimə olunan şəxslər də siyasi məhbus sayılır.
94 nəfərin adı daxil edilən daha bir siyasi məhbus siyahısını oktyabrın 17-də hüquq müdafiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev açıqlayıblar.
Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.