“Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır”. Prezident İlham Əliyev oktyabrın 17-də dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda belə deyib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik ölkədir: “İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.
Prezident ölkənin 2003-cü ildən bəri iqtisadi sahədə böyük inkişaf dövrü keçdiyini vurğulayıb: “İqtisadiyyat üç dəfə artıb. Heç bir başqa ölkədə bu qısa müddət ərzində iqtisadiyyat üç dəfə artmayıb. Sənaye istehsalı da üç dəfə artıb. Biz yoxsulluğa son qoyduq. Təxminən 50 faiz səviyyəsində olan yoxsulluq 5 faizə düşüb. İşsizliklə çox ciddi mübarizə aparılır. İşsizlik çox aşağı səviyyədədir. Azərbaycan regionlarının inkişafına start verildi. Dövlət proqramları icra edilməyə başlayıb və bunun nəticəsində bölgələrdə 1 milyon 300 mindən çox iş yeri yaradılıb. Bölgələr canlandı, şəhərlərimiz abadlaşdı, müasir infrastruktur layihələri icra edildi. Biz elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən ölkəyə çevrildik. Azərbaycanda sosial məsələlərin həllinə çox böyük diqqət göstərilirdi və göstərilir. Maaşlar, pensiyalar son 13 il ərzində dəfələrlə artıb. Sosial infrastruktur layihələri icra edilir. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, bölgələrdə 40-dan çox idman olimpiya mərkəzi tikilib”.
İlham Əliyev deyib ki, Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır: “Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır. Bu istiqamətdə də institusional tədbirlərin görülməsi öz gözəl nəticəsini verməkdədir. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik, hətta ixrac edirik. “ASAN xidmət” bizim məhsulumuzdur. Artıq bu xidmətə 12 milyon müraciət olub, 4 milyona yaxın insan bu imkanlardan istifadə edir və indi başqa ölkələrdə bu təcrübə öyrənilir. Biz gələcəkdə də dünya bazarlarına şaxələndirilmiş ixrac imkanlarımızı təqdim etməliyik. O cümlədən intellektual məhsulun ixracı xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Çünki bizim iştirak etdiyimiz bütün layihələr əməkdaşlığa hesablanıb. Biz hesab edirik və həyat göstərir, düz hesab edirik ki, ölkələr arasındakı əməkdaşlıq bəzi problemləri aradan götürə bilər. Enerji siyasətimiz xoşniyyətlidir. Bundan heç vaxt hansısa başqa məqsəd üçün istifadə etməmişik. Bütün digər regional təşəbbüslər də əməkdaşlığa hesablanır, o cümlədən nəqliyyat sahəsində. Biz bu gün “Şərq-Qərb” dəhlizinin yaradılmasında fəal rol oynayırıq. Bakı-Tbilisi-Qars dəmir yolu yaxın aylarda istismara veriləcək. Beləliklə, biz özümüzü daha da gözəl imkanlarla təmin etmək üçün Avropanı Asiya ilə birləşdiririk. Çünki bu dəhliz bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Bu dəhlizdən keçən yüklərin həcmi on milyonlarla ton səviyyəsində olacaq. Bununla bərabər biz “Şimal-Cənub” dəhlizini də yaradırıq. Yenə də təşəbbüs göstərmişik, yenə də regional əməkdaşlıq formatını təqdim etmişik və bu yaradılıb. Bu da bizə əlavə on milyonlarla ton yük daşımaq imkanları verəcək.
Qonşularla münasibətlər ən yüksək səviyyədədir. Heç bir problemimiz yoxdur. Belə də olmalıdır. Əgər hər bir ölkə bizim kimi qonşularla münasibətləri qura bilsəydi, dünyada heç bir müharibə baş verməzdi. Müharibələrin əsas səbəbi ondan ibarətdir ki, qonşular bir-biri ilə yola getmir”.
Dövlət başçısı Azərbaycanın son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrildiyini qeyd edib: “Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk. Ancaq hər bir məsələ ilə, xüsusilə bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur. Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir”.