İqtisadçı Rövşən Ağayev yazır ki, hökumətin pensiya yaşını qadınlar üçün 60-dan 63-ə, kişilər üçün 63-dən 65-ə yüksəldəcəyi haqda xəbərlər dolaşır. Novator.az-ın məlumatına görə, ekspert sonuncu dəfə pensiya yaşı ilə bağlı qərarın 2009-cu ildə qəbul edildiyini xatırladır: “2009-cu il qərarı ilə 2010-2012-ci illərdə kişilərin pensiya yaşı 62-dən 63-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldildi. Bu addım öz nəticəsini verdi. 2000-2010-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artmışdı. 2010-2016-cı illərdə isə hər il 10 min nəfər azalma qeydə alınıb. Pensiya yaşının orta hesabla 2,5 il artırılması son 6 ildə yaşa görə pensiyaçıların sayının 10% azalmasına şərait yaratdı. Deməli, pensiya yaşının növbəti dəfə orta hesabla 2,5 il artımı yaxın 10 ildə yaşa görə pensiyaçıların sayını yenidən ən azı 10-12% azaldacaq.
Hökumətin düşdüyü vəziyyəti anlamaq çətin deyil: bu gün Sosial Müdafiə Fondunun təxminən 75%-i dövlət sektoru hesabına formalaşır. Söhbət dövlət büdcəsinin fonda transfertlərindən, büdcə işçilərinə görə fonda məcburi ayırmalar, qeyri-büdcə dövlət təşkilatlarının fonda sosial sığorta ödəmələrindən gedir. Yəni 3,3 milyard manatlıq fondun ən yaxşı halda 25%-i və ya 800 milyon manatı özəl sektorun hesabına formalaşır. Halbuki hökumətin statistikasına görə, məşğul əhalinin 80%-ə qədəri özəl sektorun payına düşür. Yəni əgər bu gün 1,3 milyon pensiyaçı yalnız özəl sektorun sosial sığorta ayırmalarının öhdəsində qalsa, hər pensiyaçı ayda maksimum 50 manat pensiya ala bilərdi.
Başqa bir məqam. İnkişaf etmiş iqtisadiyyatlarda 1 pensiyaçıya orta hesabla 4 nəfər sosial sığorta ödəyici düşür. Yəni 4 nəfər işləyib 1 pensiyaçını saxlayır. Azərbaycanda 1 pensiyaçıya təxminən 1 nəfər sosial sığorta ödəyicisi düşür. Bu cür maliyyə bazası ilə pensiya fondu uzun müddət davam gətirə bilməz. Nəzərə alaq ki, əslində Sosial Müdafiə Fondunu son illər Neft Fondu saxlayıb. Dövlət büdcəsi Neft Fondundan böyük transfertlər almasaydı, pensiya fondunun ən azı 40%-ni transfertlər hesabına formalaşdırmaq da çətin olardı. İndi isə Neft Fondunun imkanları tükənir, büdcəyə transfertlər kəsilir”.
Rövşən Ağayev yazır ki, pensiya yaşını qadınlar üçün 63, kişilər üçün 65 yaş müəyyən etmək demoqrafik baxımdan yanlış addım olardı: “İnkişaf etmiş ölkələrdə kişilərin orta ömür uzunluğu 77-80, qadınların orta ömür uzunluğu 80-85 intervalında dəyişir. Bizdə isə hər iki cins üzrə orta ömür uzunluğu 75 yaşın altındadır. Yəni bizim insanların orta yaşama müddəti göstəricisi inkişaf etmiş ölkələrdən ən azı 10-15% aşağıdır. Bu göstəricidən çıxış etsək, pensiya yaşının da eyni səviyyədə aşağı olması vacibdir.
Başqa bir məqam. İnkişaf etmiş ölkələrdə 65 və daha yuxarı yaşda olanlar ümumi əhalinin 15-20%-ni təşkil edir. Yaxın zamanlarda bu nisbətin daha da artacağı gözlənir. Azərbaycanda isə bu göstərici təxminən 6%-dir.
İnkişaf etmiş ölkələrdə ahılların sayı ona görə çoxdur ki, onlar pensiya yaşından sonra orta hesabla 15-20 il yaşayırlar. Beynəlxalq standarta görə, pensiya yaşı elə müəyyən edilməlidir ki, insanlar pensiyaya çıxdıqdan sonra orta hesabla 12 il yaşaya bilsinlər. İnkişaf etmiş ölkələrdə yaşlı əhalinin ən azı 70%-i 70 yaşdan sonra vəfat edir, cəmi 30%-i əmək qabiliyyətli yaşda və pensiyaya çıxdıqları ilk 5 ildə dünyasını dəyişir.
Bəs bu göstərici üzrə Azərbaycanda vəziyyət necədir? Əldə olan bəzi statistik məlumatlar göstərir ki, Azərbaycanda əhalinin hətta 50%-nin (inkişaf etmiş ölkələrdə 70%) 70 yaşı tamamladıqdan sonra vəfat etməsi xeyli mübahisəli görünür. Hazırda 60-64 yaşlı insanlar 1952-1956-cı illərdə doğulan insanlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin illərdə Azərbaycanda 585,7 min doğum qeydə alınıb. Hazırda isə bu təvəllüddə olan insanların ümumi sayı 351,1 min nəfərdir. Göründüyü kimi, 1952-1956 təvəllüdlü insanların pensiya yaşı hələ indi çatır, amma həmin dövrdə doğulan insanların 40%-i yoxdur. Əlbəttə, iddia eləmirəm ki, onların hamısı vəfat edib. Ölkədən miqrasiya edənlər də var.
Oxşar müqayisəni pensiyaya yeni çıxmış yaş qrupu üzrə də aparsaq, eyni mənzərə alınacaq. Hazırda 65-69 yaşda olanlar 1947-1951-ci illərdə doğulanlardır. Həmin illərdə Azərbaycanda 433,4 min nəfər doğulub. Hazırda isə həmin illərdə doğulan 222,3 min nəfər var. Bu, 1947-1952-ci illərdə doğulanların 51%-dir. Yerdə qalan 49% ya miqrasiya edib, ya da dünyasını dəyişib. Reallıq odur ki, Azərbaycanın pensiya sistemi hazırkı pensiya yaşının (60-63 yaş) sonrakı ilk 5 ilindən sonra potensial pensiya hüququ olan əhalinin ən yaxşı halda yarısının təminatını öz üzərinə götürür, inkişaf etmiş ölkələrdə isə həmin göstərici 65%-dən az deyil.
Bir vacib məqamı da unutmayaq: yüksək pensiya yaşı tətbiq edən inkişaf etmiş ölkələrdə əmək bazarının təklif potensialı çox böyükdür: 70 yaşlı insanlar da bazarda rahat iş tapıb işləyə bilirlər. Bizdə isə qeyri-rəsmi işsizlik çox böyükdür, faktiki olaraq insanlar 55-60 yaşı keçəndən sonra iş tapmaq onlar üçün problemə çevrilir, minimum iş stajı olan, amma işsiz qalan bu yaşda insanlar 3-5 il günlərini saymaqla ayda 160-170 manat pensiya alacağı günü gözləyirlər. İndi pensiya yaşını yenidən 3 ilə yaxın artırmaq o deməkdir ki, həmin kateqoriya pensiyasız, işsiz yenə ailələrinin sosial öhdəliyində, ağır maddi çətinliklə yaşamalı olacaqlar. Nəhayət, pensiya yaşı qocalma ilə bağlı insanın əmək qabiliyyətinin itirmə səviyyəsinə uyğun olmalıdır”.
Ekspert əlavə edir ki, hökumət pensiya yaşını davamlı olaraq artırır, amma insanların pensiya hüququ ilə bağlı çox vacib mexanizm illərdir tətbiq edilmir: “Söhbət yığım pensiyasından gedir. Artıq 10 ildir insanların Sosial Müdafiə Fonduna ödədiyi sığorta haqlarının cəmi 50%-i onların sığorta hesabında qeydə alınır. Yerdə qalan hissənin yığım hesabında toplanması və pensiyaçıya (yaxud onun varislərinə) qaytarılması həll edilməli idi, amma bu mexanizmi yaratmaq heç kimin yadına düşmür. Təsəvvür edin ki, siz hər ay 100 manat sosial sığorta ödəyirsiniz, amma hökumət onun cəmi 50 manatını sizin adınıza qeydə alır və pensiyanızı da məhz həmin 50 manat əsasında hesablayır. Bəs yerdə qalan 50 manat insanların haqqı deyilmi?”