Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ölkənin prezident idarə üsuluna keçməsi üçün konstitusiya dəyişiklikləri layihəsi hazırlayır. Konstitusiya dəyişiklikləri parlamentdən azı 367 səslə keçə bilər. Layihənin referenduma çıxarılması üçün isə 330 səs kifayət edir.
Hazırda Ədalət və İnkişaf Partiyasının 550 yerlik parlamentdə 317 mandatı var. Prezident idarə üsuluna tərəfdar olan müxalif Milliyyətçi Hərəkat Partiyası isə 40 mandata sahibdir. Cümhuriyyət Xalq Partiyası (133 mandat) və Xalqların Demokratik Partiyası (59 mandat) dəyişiklik layihəsinə qarşı çıxır.
Hakim partiyanın istəyinə çatması, Türkiyənin prezident idarə üsuluna keçməsi nə qədər real görünür?
Novator.az-a danışan siyasi şərhçi Şahin Cəfərli qeyd edib ki, prezident idarə üsulunu bərqərar etmək dövlət başçısı Rəcəb Teyyub Ərdoğanın ən önəmli siyasi layihəsidir: “Son hərbi çevriliş cəhdindən əvvəl bu məsələ ölkə siyasi gündəminin əsas mövzusu idi. Çevriliş olayından sonra mövzu arxa planda qaldı və iki xətt önə çıxdı: fətullahçılara qarşı sərt və amansız mübarizə, ölkə daxilində milli birliyin təmin edilməsi. 15 iyuldan sonrakı mərhələdə hakimiyyət cəmiyyətin bütün təbəqələrini, o cümlədən əsas siyasi rəqib kimi gördüyü və əzməyə çalışdığı ulusalçı-kamalist kəsimi öz ətrafında birləşdirməyə, milli həmrəyliyin yaradılmasına çox ciddi önəm verirdi. Əsas məqsəd Türkiyə xalqının qiyamçılara qarşı birləşdiyini, Ərdoğanın arxasında olduğunu nümayiş etdirmək idi. Müxalifətlə yaxınlaşmanın əsas səbəbi də məhz bu olub. Ona görə də fikir ayrılığı və qütbləşmə yaradan məsələlər gündəmə gətirilmirdi.
Fətullah Gülən icması Ərdoğanın planlarına müqavimət göstərən güc mərkəzlərindən biri idi və bu baxımdan hərbi çevriliş cəhdi onları məhv etmək üçün çox yaxşı əsas yaratdı. Yəni 15 iyul cinayətinə dövlətin reaksiyası və görülən əks tədbirlər həm də Ərdoğanın prezidentlik layihəsinin gerçəkləşməsi yolunda önəmli əngəllərdən birini aradan qaldırdı.
Fövqəladə vəziyyət rejiminin ilk 3 aylıq dönəmindən sonra hakimiyyət artıq milli həmrəyliyə əvvəlki kimi ehtiyac duymur. Bu səbəblə qısamüddətli fasilədən sonra prezidentlik məsələsi yenidən aktuallaşıb, daha doğrusu, aktuallaşdırılıb”.
Politoloq hesab edir ki, son dövrlər hakimiyyətlə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında yaranan isti münasibətlər də sırf konstitusiya dəyişikliklərinə hesablanıb: “Konstitusiya dəyişikliyi təklifini referenduma çıxarmaq üçün 330 səs lazımdır və 317 yerə malik Ədalət və İnkişaf Partiyasının bu sayı əldə etmək üçün MHP-yə ehtiyacı var. Onlar arasındakı münasibətlər AKP-nin ehtiyac duyduğu 13-14 səsi ala biləcəyini deməyə əsas verir.
MHP lideri Dövlət Baxçalı məhz hakimiyyətin sayəsində öz kreslosunu qoruya bildi, əks təqdirdə partiya daxilindəki müxalifət fövqəladə qurultay vasitəsilə onu sədrlikdən uzaqlaşdıracaqdı. 15 iyuldan sonrakı proseslərə baxsaq, AKP-nin daxili siyasətdə ən böyük dəstəkçilərindən birinin məhz Baxçalı olduğunu görərik. Bütün bunları nəzərə alaraq AKP-nin MHP parlament qrupunun içərisindən ehtiyacı olan qədər səs ala biləcəyini təxmin etmək mümkündür.
Mən prezident idarə üsuluna keçidin Türkiyə demokratiyası üçün böyük risklər ehtiva etdiyini düşünürəm. Fikrimcə, cümhuriyyət dönəmində türk xalqının əldə etdiyi ən başlıca nailiyyət insan hüquq və azadlıqlarını təmin edən demokratik, hüquqi dövlətin qurulmasıdır. Türkiyə müsəlman dünyasında yeganə demokratik ölkə sayılırdı və NATO üzvü, Avropa Şurasının təsisiçilərindən biri, Avropa Birliyinə namizəd ölkə kimi Qərb dünyasına sıx bağlanmışdı. Təəssüf ki, 14 illik təkpartiyalı idarəçilikdən sonra bu istiqamətlərdə geriləmələr müşahidə olunur. Ərdoğanın prezident idarə üsuluna keçməkdə məqsədi bütün icra səlahiyyətlərini öz əlində toplamaq, parlamentin rolunu məhdudlaşdırmaq, eləcə də məhkəmə hakimiyyətini tam nəzarətə götürməklə avtoritar idarəçiliyi təmin etməkdir. Əslində faktiki buna nail olub, sadəcə hüquqiləşdirmək qalır.
Parlamentar sistemin ləğvi və təkadamlıq modelin konstitusiyada təsbit olunması plüralist demokratiyaya ağır zərbə vuracaq və Türkiyənin demokratik nailiyyətlərinin üstündən xətt çəkəcək. Bu həm də siyasətdə solçu-ulusalçı-kamalist təbəqənin marginallaşmasına və sağçı-mühafizəkar-dindar təbəqənin Türkiyə siyasətində dominantlıq qurmasına gətirib çıxaracaq. Nəticədə ölkə dünyəvi modeldən uzaqlaşacaq, sekulyar yaşam tərzinə basqılar dözülməz həddə çatacaq. Bu yol ölkənin hər hansı köklü probleminin həllinə səbəb olmayacaq, əksinə, cəmiyyətdə qütbləşməni, bölünməni daha da artıracaq, Türkiyənin Qərbdən uzaqlaşaraq tipik Orta Şərq ölkəsinə çevrilməsi prosesini sürətləndirəcək”.
Türkiyədə yaşayan azərbaycanlı alim, Karabük Universitetinin iqtisadi və idarəetmə elmləri fakültəsinin beynəlxalq münasibətlər bölməsinin rəhbəri Ələskər Ələskərli Novator.az-a deyib ki, müxalif partiyalar konstitusiya dəyişikliyinə qarşı çıxdıqlarını dəfələrlə bəyan ediblər: “Belə bir vəziyyətdə 40 mandata sahib Milliyyətçi Hərəkat Partiyasının hökumətə verəcəyi dəstək dəyişiklikliyin qəbul edilməsi üçün böyük önəm daşıyır. Konstitusiya dəyişiklikləri referenduma çıxarılarsa, qəbul edilmə ehtimalı böyükdür. Çünki hakim partiyanın sosial bazası güclüdür. Bunu Türkiyədə yaşanan son hadisələr bir daha sübut edib. Bəlkə buna görədir ki, hakim partiya parlament çoxluğu təmin edilsə belə dəyişikliklər paketinin referenduma çıxarılacağını deyir. Məqsəd konstitusiya dəyişikliklərinə güclü legitimlik qazandırmaqdır”.
Ələskər Ələskərlinin fikrincə, demokratikləşməni bərqərar etmək üçün hansı idarə üsulunun olması vacib deyil: “Müqayisəli hüquq araşdırmalarının ortaya qoyduğu göstəricilər prezident idarə üsulunun daha demokratik olduğu iddiasını təkzib edir. Hər bir dövlətin meydana gəlməsinin müəyyən tarixi, siyasi və sosial şərtləri var. Türkiyə parlamentar sistem kimi ortaya çıxıb və təxminən bir əsrdir öz varlığını davam etdirir. Bu müddətin yarısı çoxpartiyalı parlamentar rejimlə keçib.
Prezident idarə üsulunun sabitlik gətirəcəyinə dair iddialar da inandırıcı görünmür. Çünki Türkiyədəki parlamentar rejimin qeyri-sabitliyinin səbəbi parlament idarə üsulunun nöqsanı deyil, bu sistemə xaricidən edilən müdaxilələrdir.
Əslində dövlətlərin demokratikliyində onların mənimsədiyi idarəetmə formasının təsiri həlledici rol oynamır. Böyük Britaniyada və Avropanın bir sıra başqa ölkəsində konstitusiyalı monarxiya sistemi mövcuddur. Bəzi Avropa ölkələri yarı prezidentlik idarə üsuluna sahibdir. ABŞ-ın dövlətçilik tarixi prezident idarə üsulu ilə bağlıdır. Sistemi dəyişmək ölkədəki demokratikləşmə problemlərini aradan qaldırmaq üçün şərt deyil. Əksinə, idarəetmə formasının dəyişdirilməsi özü ilə bir çox problemləri də gətirəcək. Buna görə də Türkiyədəki siyasi elita gücünü idarəetmə formasının dəyişməsinə deyil, ölkənin demokratikləşməsinə yönəltməlidir”.
Türkiyə Konstitusiyasına görə, hökuməti 550 yerlik parlamentdə azı 276 mandatı olan partiya qurmalıdır. 2002-ci ilin noyabrından Rəcəb Teyyub Ərdoğanın yaratdığı Ədalət və İnkişaf Partiyası təkbaşına hakimiyyətdədir. Ərdoğan 2003-2014-cü illərdə baş nazir olub, 2014-cü ildə prezident seçilib.
1954-cü il fevralın 26-da İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan Mərmərə Universitetini bitirib. Siyasətlə 1976-cı ildən məşğul olur. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. Ədalət və İnkişaf Partiyasını 2001-ci ildə yaradıb.