Novator.az 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktından seçmələri təqdim edir:
Maddə 1. 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin.
Maddə 2. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.
Maddə 3. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır.
Maddə 5. Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab verilir.
Maddə 8. Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
Maddə 9. Öz idarəetmə formasını seçmək, başqa xalqlarla öz münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz hüququdur.
Maddə 10. Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqının hər hansı bir hissəsi, hər hansı bir şəxs suveren hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
Azərbaycan xalqı suveren hakimiyyəti bilavasitə referendum vasitəsilə və Azərbaycan Respublikasının parlamentinə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Maddə 11. Azərbaycan xalqı öz iradəsinin ifadəsi kimi Azərbaycan Respublikasının demokratik quruluşuna və qanunun aliliyinə təminat verir.
Maddə 12. Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır, bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır.
Azərbaycan Respublikasının suverenliyi şəriksizdir və onun bütün ərazisinə şamildir.
Azərbaycan Respublikası öz ərazisində həyata keçirdiyi suveren hüquqları heç bir formada başqa dövlətlərə və ya dövlət ittifaqlarına vermir.
Maddə 14. Azərbaycan Respublikasının ərazisi vahiddir, bölünə və özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin hər hansı bir hissəsini, hər hansı bir formada kimsəyə vermir; yalnız Azərbaycan Respublikası parlamentinin qərarı ilə respublikanın bütün əhalisi arasında xalq səsverməsi (referendum) keçirmək yolu ilə Azərbaycan xalqının razılığı əsasında sərhədlərdə dəqiqləşdirmə aparıla bilər.
Azərbaycan Respublikası ərazisinin heç bir hissəsi başqa dövlətə və ya başqa dövlətin hüquqi şəxsinə satıla və verilə bilməz.
Maddə 20. Bütün təbii ehtiyatlar hər hansı şəxslərin və ya təşkilatların mülkiyyət hüquqlarına və mənafeyinə xələl gətirilmədən Azərbaycan Respublikasına məxsusdur.
Maddə 22. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv mülkiyyət şəklində ola bilər.
Xüsusi və kollektiv mülkiyyətə qanunla icazə və təminat verilir: qanun onların alınması və onlardan istifadə olunması üsullarını, onun fəaliyyət hüdudlarını müəyyən edir.
Xüsusi və kollektiv mülkiyyət məcburi şəkildə özgəninkiləşdirilə bilməz. Qanunda nəzərdə tutulmuş hallarda xüsusi və kollektiv mülkiyyət zərərin ödənilməsi şərtilə Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilə bilər.
Daşınar və daşınmaz əmlakın tam müsadirəsinə yol verilmir.
Maddə 26. Azərbaycan Respublikasının yetkinlik yaşına çatmış vətəndaşlarının seçki hüququ vardır.
Səsvermə şəxsi, bərabər, azad və gizlidir.
Səsvermə hüququ yalnız vətəndaşın hüquq qabiliyyətsizliyi nəticəsində və ya qüvvəyə minmiş məhkəmə hökmü əsasında məhdudlaşdırıla bilər.
Maddə 27. Azərbaycan Respublikasının siyasətinin müəyyənləşdirilməsinə demokratik yolla kömək etmək üçün Azərbaycan Respublikasının bütün vətəndaşlarının azad surətdə siyasi partiyalar və digər ictimai birliklər yaratmaq hüququ vardır.
Maddə 28. Siyasi plüralizm prinsiplərinə uyqun olaraq siyasi partiyalar ictimai rəyin formalaşdırılmasında və ifadəsində iştirak edirlər və siyasi fəaliyyətin əsas ünsürləridir. Onların yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində azaddır.
Maddə 29. Azərbaycan Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.
Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olur. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib.