AZƏRTAC oktyabrın 14-ü Bakıda görüşən prezident İlham Əliyev və Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifin mətbuata bəyanatlarını yayıb. İlham Əliyev Qarabağ məsələsinə toxunaraq deyib: “Biz Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Həmçinin Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Təəssüf ki, onilliklər bundan əvvəl qəbul edilmiş bu qətnamələr yerinə yetirilmir. Bu, ikili standartlarla yanaşmanın göstəricisidir. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə bu qədər uzun müddət çəkir.
Ölkələrimiz üçün bu ağrılı məsələlərlə bağlı qarşılıqlı dəstəyimiz də bizi birləşdirir. Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə də Azərbaycan xalqı Sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik”.
Məhəmməd Nəvaz Şərif qeyd edib ki, regional və qlobal məsələlər beynəlxalq hüquq çərçivəsində, sülh və dialoq vasitəsilə həll edilməlidir: “Biz sülh prinsipinə sadiq olan ölkəyik. Biz digər dairələrin açıq-aşkar təcavüzünə baxmayaraq sülh naminə inkişaf prinsiplərinə sadiqik. Ancaq sülh prinsipinə cəsarətli sadiqliyimiz heç vaxt yanlış olaraq zəiflik kimi qəbul edilməməlidir”.
Baş nazir deyib ki, Kəşmir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı dəstək iki ölkə arasında yaxın anlaşmanın olduğunu və mövqelərin nə dərəcədə üst-üstə düşdüyünü sübut edir: “Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı aydın mövqeyə malikdir. Biz Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin, Dağlıq Qarabağdan və ətraf rayonlardan erməni silahlı qüvvələrinin çıxarılmasının, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının tərəfdarıyıq. Mən Kəşmir münaqişəsi ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəklənməsini, yəni, məsələnin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun dialoq və sülh vasitəsilə həll edilməsinin tərəfdarı olmasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, hər iki məsələnin tam həllinə qədər qarşılıqlı dəstək sarsılmaz olaraq qalacaq. Bizim regionlarımızın inkişafının və firavanlığının, əmin-amanlığının və təhlükəsizliyinin perspektivləri həmin münaqişələrin girovuna çevrilib”.