Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi futbolçu Cavid Hüseynovun cəzasını həbsdə qaldığı 1 il 2 ay müddətlə əvəz edərək onu azadlığa buraxıb.
Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilmişdi. Bu il mayın 31-də Səbail Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
Rasim Əliyevin anası Teyfurə Əliyeva “Azadlıq” radiosuna açıqlamasında məhkəmə qərarını haqsızlıq adlandırıb: “Çox haqsızlıqdır, çox… Heç gözləmirdim. Onun maddəsinin dəyişdirilib yalançı maddə ilə əvəz edilməsində, deməli, məqsəd onu aradan çıxarmaqmış. Gördünüz, həkimləri elə, Cavidi belə aradan çıxardılar. Axı buna prezident nəzarət edirdi. Mən qorxu içindəyəm ki, o beş nəfəri də azadlığa buraxacaqlar. Deməli, kim kimi istəsə öldürə bilər. Adamı varsa, pulu varsa… Mənim kimilər də qorxa-qorxa yaşamalıdır.
Belə olan surətdə artıq bilirsən ki, cinayətkar cəzasız qalacaq. O, həmin uşaqlar qədər iş almalı idi. İndi qorxuram ki, o biriləri də buraxacaqlar. Həkimləri elə aradan çıxardılar, Cavid də belə. O sırf təşkilatçı idi. Mən canlı şahidiyəm bunun. Bunu məhkəmədə sübut edə bilmədik. Yalançı maddə verdilər. Mən canlı şahidəm ki, onu çağıran Cavid olub. Onun mesajlarından da görünür. İstintaq materiallarında da var. Cavid Elşəndən soruşur ki, harada görüşəcəksiniz? O da cavab verir ki, Bayılda. Onda Cavid yazır: “Mən də gəlim?” Elşən də deyir ki, yox, Razin uşaqları kifayət qədər yığışıblar.
Bax belə. Burdan görünür ki, həmin adam Rasimin döyülməsində maraqlı olub. Onları özü göndərib. Mesajda deyildiyi kimi, çox adam yığılmasaydı, yəqin Cavid özü də Bayıla gələrdi. Bəlkə özü də həmin ətrafda olub. Nə bilmək olar? Bilinir ki, bu işdə əli var, təşkilatçıdır o. Aradan çıxardılar. Mən necə barışa bilərəm bununla? Balamın qatili azadlıqda gəzir. Balamın qanı yerdə qalır. Necə barışmaq olar bununla?
Mən Cavid Hüseynovla bağlı 4 illik həbs qərarı çıxanda da bunu qəbul edə bilmirdim. Mən sübut edə bilmirdim ki, Cavid çağırıb Rasimi. Mən canlı şahidəm. Telefon danışıqları yanımda olub. Heç nə edə bilmədik. Yenə təsəllim vardı ki, 4 il də olsa cəza aldı”.
Ötən il avqustun 8-də bir qrup şəxs ANN.TV-nin reportyoru Rasim Əliyevi döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov və daha 5 nəfər həbs olunub.
Rasim Əliyevin ailə üzvləri cinayətin Cavid Hüseynovun təhriki ilə törədildiyini iddia edir. Onlar həmçinin həkimlərin Rasim Əliyevə düzgün diaqnoz qoymadığını, müalicə prosesində səhlənkarlığa yol verdiyini bildirirlər.
Ötən il avqustun 6-da “Qəbələ” Bakıda Kiprin “Apollon” klubu ilə beynəlxalq oyunda qələbə qazanıb. Oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən Rasim Əliyev avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.
Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.
Rasim Əliyev Cavid Hüseynovu “Facebook”da Kiprdəki hərəkətinə görə də tənqid edibmiş. “Qəbələ”nin “Apollon” klubu ilə səfər matçında (30 iyul 2015) yerli azarkeşlər Azərbaycan bayrağını cırıb. Oyunun sonuncu dəqiqəsində penaltidən hesabı bərabərləşdirən Cavid Hüseynov rəqib azarkeşlərə qeyri-etik əl hərəkəti ilə cavab verib.
Jurnalistin avqustun 7-də yazdığı statusdan sonra bir qrup şəxs zəng vuraraq onu təhqir ediblər. Daha sonra Cavid Hüseynov özü jurnalistə zəng edərək iradını bildirib. Rasim Əliyev yanlış anlaşılma olduğunu deyib və tərəflər telefonda sağollaşıb. Ancaq Rasim Əliyevi təhqir edənlər yenidən ona zəng edərək üzr istəmək məqsədi ilə görüşmək istədiklərini deyiblər və jurnalistin yaşadığı Bayıl qəsəbəsinə gələrək onu döyüblər.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Facebook” səhifəsində onu tənqid edən Rasim Əliyevə zəng vuraraq təkzib vermək tələbi qoyub. Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i Bayıl qəsəbəsində onunla görüşüb. Onlar Rasim Əliyevə çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u orada vəfat edib.
Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Kənan Mədətov və Samir Mustafayev 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.