Vergilər Nazirliyi 2016-cı ilin 9 ayı ərzində hüquqpozmalara qarşı görülən mübarizə tədbirləri haqqında məlumat açıqlayıb. Novator.az-a daxil olan məlumatda bildirilir ki, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanan 339 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 54 milyon 14 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib. 175 cinayət işi üzrə büdcədən yayındırılan vergilər ibtidai istintaq zamanı tamamilə ödəndiyinə görə onların icraatına xitam verilib.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsində 719 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 95 iş üzrə 109 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə məhkəmələrə göndərilib.
Vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunan 35 nəfər şəxs tutularaq departamentin istintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 274 şəxsin məcburi qaydada gətirilməsi, 504 şəxsin tapılaraq istintaqa gəlmələri, 591 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.
Vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 120 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.