Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətindəki Odundağ zirvəsində və Murov dağı bölgəsindəki bölmələrdə olan nazir üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.
Müdafiənin ön xəttində döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Zakir Həsənov hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə tanış olub. Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə ətraflı məruzə edilib.
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, səngərlərdə döyüş növbəsi çəkən hərbi qulluqçular Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və ali baş komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.