Novator.az-ın hesablamasına görə, 2016-cı ildə 20 tanınmış məhbus azadlığa çıxıb. Həbsdən buraxılan sonuncu şəxs Müsavat başqanının müavini Fərəc Kərimovdur. O, oktyabrın 4-də amnistiyaya düşərək həbs cəzasından azad edilib.
Fərəc Kərimovun adı hüquq müdafiəçiləri və ictimai fəalların tərtib etdiyi siyasi məhbus siyahısında idi.
Adı həmin siyahıda olmuş jurnalist Rauf Mirqədirov martın 17-də məhkəmə qərarı ilə azadlığa çıxıb. Onun həbs cəzası şərti məhkumluqla əvəzlənib.
15 məşhur məhbus prezidentin martın 17-də imzaladığı əfv sərəncamı əsasında azad olunub. Jurnalistlər Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, bloqçu Ömər Məmmədov, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Taleh Xasməmmədov, Anar Məmmədli, gənc fəallar Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, müxalif siyasətçilər Yadigar Sadıqov, Nemət Pənahlı, keçmiş məmurlar Nicat Quliyev, Akif Muradverdiyev və Fərəc Kərimovun qardaşı Sirac Kərimli əfvə düşüblər.
Martın 28-də Ali Məhkəmənin Plenumu məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin şərti cəza ilə azadlığa buraxılmasına qərar verib.
Mayın 25-də Ali Məhkəmə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılı şərti cəza ilə azadlığa buraxıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Qadir Xudabaxşıyev isə avqustun 11-də həbs cəzasını başa vuraraq azadlığa çıxıb.
Siyasi məhbus sayılan şəxslər siyahısında Əli İnsanov, Mövsüm Səmədov, İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Seymur Həzi, Rəşad Ramazanov, Əbdül Əbilov, Nicat Əliyev, İlkin Rüstəmzadə və başqalarının adları var.
Novator.az xatırladır ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.