2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə biliyin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşlarından ibarət işçi qrupun hazırladığı yeni qaydaları Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası bəyənib.
Tqdk.gov.az-ın məlumatına görə, qaydaların əsas müddəaları bunlardır:
IX sinif üzrə buraxılış imtahanını Dövlət İmtahan Mərkəzi mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçirəcək.
Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.
İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.
Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.
Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Buraxılış imtahanında iştirak etməyən şagirdlərin biliyi qiymətləndirilmir və onlara ümumi orta təhsil haqqında sənəd verilmir.