Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd olunur ki, Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb: “Oktyabrın 5-i axşam saatlarında qoşunların qarşıdurma xəttində mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub”.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və bildirir ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və daha 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib. 1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib. Ümumilikdə 2000 hektardan artıq ərazinin azad edildiyi və daha çox ərazinin əməliyyat baxımından nəzarət altına keçdiyi bildirilir.