Nazirlər Kabineti dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən olunması ilə bağlı qərar qəbul edib.
Qərar “Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3 min manat məbləğində maliyyə yardımını nəzərdə tutur.
Hərbi ehtiram göstərilən şəxslərin dəfninə müvafiq maliyyə yardımının verilməsi üçün həmin şəxslərin valideynləri (yaxın qohumları və ya qanuni nümayəndələri) yaşadığı yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müraciət etməlidir. Müraciət edilərkən müəyyən olunmuş formada ərizə, şəxsiyyəti təsdiq edən sənədlər, həqiqi hərbi xidmət zamanı hərbi qulluqçunun (toplanışda olan hərbi vəzifəlinin) həlak olması və ya vəfat etməsi barədə hərbi hissə komandirinin əmri, ehtiyatda və ya istefada olan şəxslər üçün ölüm haqqında şəhadətnamə təqdim olunmalıdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri maliyyə yardımının verilməsi barədə müraciəti dərhal qəbul edib üç iş günü müddətində vəsaiti nağdsız hesablaşma yolu ilə ödəməlidir.
Novator.az xatırladır ki, ötən il dekabrın 18-də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilib. Nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Yeniliyə əsasən, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir.
Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın dövlət bayrağı ilə örtülür. Dəfn mərasiminə dəvət olunmuş müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qarovul düzülə bilər. Habelə şəhid adını almış hərbi qulluqçuların xatirəsinə ehtiram əlaməti olaraq hərbi hissələrdə xüsusi guşə yaradılacaq və onlar haqqında məlumat veriləcək.
Nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə də daxil edilib. Əlavədə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.