Roma papası Fransisk oktyabrın 2-də Bakıya baş çəkib. O və prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış ediblər.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Bizim xalqımız humanitar fəlakətlə üzləşib. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon işğal edilib. Bizim vətəndaşlarımız – bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib, 10 ölkə bu soyqırımını rəsmən tanıyıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib. O missiyaların məruzələri insanı dəhşətə gətirir. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə Bakıdakı erməni kilsəsini bərpa etdik. Bu kilsədə erməni dilində beş mindən çox kitab saxlanır. Bax, fərq bundan ibarətdir. Bu, onların hərəkətləri, bu da bizim münasibətimiz. Ona görə, təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə, bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir. BMT Təhlükəsizlik Şurası – dünyanın ali qurumu bu münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və iyirmi ildən çoxdur torpaqlarımız işğal altındadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Roma papası Fransisk bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırıb: “İnanıram ki, Tanrının himayəsi ilə və tərəflərin xoş iradəsi sayəsində Qafqaz dialoq və danışıqlar yolu elə bir məkana çevriləcək ki, ziddiyyətlər və fərqlər çözüləcək, aradan qalxacaq. Ölkənizə səfəri zamanı müqəddəs II İoann Pavelin gözəl kəlamı ilə desək, qoy “Şərq ilə Qərbin arasında qapı” olan bu məkan sülhə açıq olsun və digər keçmiş, eləcə də yeni münaqişələrin həlli üçün nümunəyə çevrilsin”.
Bakıya səfəri zamanı Roma papası Fransisk prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşüb, Bakıdakı katolik kilsəsində dini mərasim keçirib, Heydər məscidində dini icmaların nümayəndələri ilə bir araya gəlib, Şəhidlər xiyabanını ziyarət edib.