“İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək qurumun yaradılması bir neçə ildir ən müxtəlif səviyyələrdə müzakirə olunur. Sevindirici haldır ki, artıq bu təşəbbüsün reallaşdırılması üçün praktiki addımlar atılır və qarşıdan gələn dövrdə onun həm də İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ciddi şəkildə dəstəklənəcəyinə ümid edirik”. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında belə deyib.
AZƏRTAC-ın məlumatına görə, prezidentin köməkçisi bildirib ki, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, islam həmrəyliyinin güclənməsinə və xalqlarımızın mənafelərinin qorunması işinə mühüm töhfələr verib: “İslam Əməkdaşlıq Təşkilatı həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır. Təqdirəlayiq haldır ki, bu sahədə kifayət qədər böyük təcrübə toplanılıb”.
Daha sonra Əli Həsənov vurğulayıb: “Hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif mənfi proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən islam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistan-Azərbaycan münaqişəsi, digər bu kimi problemlər islam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, sabit inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi amillərdir”.
Əli Həsənovun sözlərinə görə, Azərbaycan dünyada islam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və verəcək: “Hesab edirik ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları da ümumi mənafelərimizə xidmət edəcək. Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq ki, IV İslam Həmrəyliyi Oyunları həm də bütün islam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq.
Bu gün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirlərinin, jurnalistlərinin konfransda iştirakını bu təşəbbüsə dəstəyin ifadəsi kimi başa düşmək olar. Bir daha ümid edirik ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin növbəti toplantısında bu təşəbbüs fəal müzakirə olunacaq və jurnalist assosiasiyasının səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq qərarlar qəbul ediləcək”.