2015-ci ilin yayınadək Azərbaycanda 44 bank vardı. Həmin vaxtdan bəri 11 bankın lisenziyası alınmış, bu ilin avqust ayına 33 bank qalmışdı.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni qərarı ilə “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən ləğv olunub. Rəsmi məlumata görə, qərar 4 iyul 2016-cı ildən banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin və “Bank Standard”ın yeni menecmentinin müraciəti əsasında Maliyyə Nazirliyi və Mərkəzi Bankla məsləhətləşməklə çıxarılıb: “Bank Standard”ın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi son dövrlər onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olmuş, bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdı.
Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası mayın 3-dən ona 3 ay müddətinə müvəqqəti inzibatçı təyin etmişdi. Palatanın inzibatçılığı dövründə sosial xarakterli ödənişlər və 5 min manata qədər olan əmanətlərin qaytarılması təmin olunmuşdu. Bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqlarının ödənişi də fasiləsiz davam etmişdi.
İyulun 4-dən isə bankın əsas səhm paketi dövlətə məxsus “Azər-Türk Bank” ASC vasitəsilə sağlamlaşdırılması barədə qərar qəbul olunmuşdu. Ötən dövr ərzində bankın yeni menecmenti bir neçə sağlamlaşdırma ssenarisi təklif etsə də, bunların heç biri bankın maliyyə dayanıqlığının bərpası üçün yetərli olmayıb. Bu dövrdə bankın üzləşdiyi kəskin likvidlik probleminin həlli məqsədilə Mərkəzi Bankdan əlavə likvidlik dəstəyi göstərilsə də, ödəmə qabiliyyətinin tam bərpası, əlavə kapital inyeksiyası olmadan isə onun itkilərinin qarşısının alınması mümkün olmayıb.
Sanator bank müraciətində “Bank Standard”ın sağlamlaşdırılması üçün tələb olunan sərmayəni mövcud makroiqtisadi şəraitdə hökumətin və ya Mərkəzi Bankın ayırmasının qeyri-reallığını əsas götürərək bankın müflis elan olunmasını xahiş edib.
Müraciəti nəzərə alaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 30 sentyabr qərarına əsasən “Bank Standard”ın lisenziyası oktyabrın 1-dən ləğv edilib.
“Bank Standard” Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin qorunan əmanətləri ödənəcək. Bu məqsədlə zəruri olan vəsaitlərin hökumət zəmanəti ilə Mərkəzi Bankdan fonda ödənməsi razılaşdırılıb.
Banka müvəqqəti inzibatçı təyin edilib. “Bank Standard”ın müflisləşmə yolu ilə ləğv edilməsi üçün məhkəməyə müraciət olunacaq. Bankın öhdəliklərini məhkəmədə təyin olunacaq ləğvedici tənzimləyəcək”.
Novator.az bildirir ki, indi ölkədə Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi siyahı üzrə 32 bank fəaliyyət göstərir:
“Accessbank”
“AFB BANK”
“AGBank”
“Amrahbank”
“AtaBank”
Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Sənaye Bankı
“Azər-Türk Bank”
“Bank Avrasiya”
“Bank of Baku”
“Bank BTB”
“Bank Respublika”
“Bank Silk Vey”
“Bank VTB” (Azərbaycan)
“Caspian Development Bank”
“Dəmirbank”
“Expressbank”
“GünayBank”
“Xalq Bankı”
“Kapital Bank”
Milli İran Bankının Bakı filialı
“Muğanbank”
“Naxçıvanbank”
“NBCBank”
“Nikoyl”
Pakistan Milli Bankının Bakı filialı
“Paşa Bank”
“Rabitəbank”
“Turanbank”
“Unibank”
“Yapı Kredi Bank Azərbaycan”
“Ziraat Bank Azərbaycan”.