Maliyyə Bazarlarına Nəzarət Palatasının www.fimsa.az rəsmi internet səhifəsi istifadəyə verilib. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən səhifədə kredit təşkilatları, sığorta, kapital bazarları və istehlakçıların və investorların hüquqlarının müdafiəsi istiqamətləri üzrə müvafiq bölmələr yaradılıb.
Səhifədə normativ-hüquqi sənədlər və hesabatlar öz əksini tapıb, maliyyə bazarları sahəsində lisenziyaların və icazələrin verilməsi, attestasiyaların keçirilməsi, həmçinin lotereyaların təşkili və keçirilməsinə dair məlumatlar və ərizə formaları yer alıb.
www.fimsa.az-da həmçinin palataya tabe qurumlar barədə məlumatlar yerləşdirilib.
Kütləvi informasiya vasitələri palata haqqında məlumatlarla “Media” bölməsi vasitəsilə tanış ola biləcək.
Palatanın fəaliyyət göstərdiyi dövr ərzində maliyyə bazarlarının müxtəlif sahələri üzrə qəbul edilmiş vacib qərarlara dair xəbərlər ana səhifədə slayd şəklində və “Press-relizlər” bölməsində əks olunub.
Xəbəri AZƏRTAC yayıb.
Dövlət başçısının 3 fevral 2016-cı il fərmanı ilə yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında qurulub, ona Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti də qoşulub.
Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət orqanıdır.
Martın 10-da Rüfət Aslanlı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasına sədri təyin olunub. O, 2008-ci ildən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri idi.