Bu ilin səkkiz ayında Azərbaycanın valyuta ehtiyatları 40,1 milyard ABŞ dolları olub. Azərbaycanın 2017-ci il üzrə dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında belə qeyd olunur. Hesabata görə, ehtiyatların 35,9 milyard dolları Dövlət Neft Fondunun aktivlərinin, 4,2 milyard dolları Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının payına düşür (2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı).
AZƏRTAC dövlət və icmal büdcələrinin təqdimatına istinadla bildirir ki, ortamüddətli büdcə proqnozlarına əsasən, 2017 və 2018-ci illərdə icmal büdcəsinin kəsiri azalacaq, 2019-cu ildə isə büdcədə profisit yaranacaq. 2017-ci il və sonrakı 3 il üçün hazırlanmış proqnozlara əsasən, 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. 2020-ci ildə Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ümumi daxili məhsulun 6,9 faizini təşkil edəcəyi proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyinin hazırladığı 2017-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən, gələn il ölkədə ümumi daxili məhsulun (ÜDM) real iqtisadi artımı 1 faiz olmaqla 61,4 milyard manat təşkil edəcək.
2018-2020-ci illər ərzində artım tendensiyasının davam edəcəyi və 2020-ci ildə ümumi daxili məhsulun real artım tempinin 2,4 faiz olacağı proqnozlaşdırılır.
Qeyri-neft sektorunda ümumi daxili məhsulun real ifadədə 2,5 faiz artaraq 41,7 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,8 faiz həcmində nəzərdə tutulur.
2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4 milyard manatı və ya 6,4 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 milyard manatı və ya 36,2 faizi sənayenin, 6,1 milyard manatı və ya 9,9 faizi tikintinin, 24,3 milyard manatı və ya 39,6 faizi xidmətlərin istehsalının, 4,8 milyard manatı və ya 7,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək.
Novator.az xatırladır ki, bu ilin 8 ayında ölkədə 38 milyard 27,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz az ümumi daxili məhsul istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 3953 manata bərabər olub.