İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sentyabrın 29-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib. 120-dən çox sahibkarın iştirak etdiyi işgüzar forumda 18 sahibkarlıq subyekti 5,3 milyon manat güzəştli kredit alıb. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin yaradılması, un məmulatları, mebel, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Rəsmi məlumata görə, bu kreditlərin reallaşdırılması 170-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-ci ilin ötən dövrü ərzində ölkə üzrə 1791 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 117,5 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan açır. Ümumilikdə isə indiyədək paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 342,8 milyon manat güzəştli kredit verilib.